Torbyornun toru, yaxud Avropa qurumlarının absurd qadın məntiqi

Torbyornun toru, yaxud Avropa qurumlarının absurd qadın məntiqi
  10 Oktyabr 2015    Oxunub:4963
Vüsal Məmmədov

Qərbin müxtəlif qurumlarının Azərbaycanla bağlı yürütdüyü “qaranlıq otağa qara pişik buraxmaq” siyasətində incə bir məqam var. Amma əvvəlcə siyasətin özü haqqında: onlar olmayan yerdə problem yaradır, sonra isə olmayan yerdəki olmayan problemi bəhanə edərək, “belə olmaz” deyirlər. Doğrudan da, belə olmaz, cənablar və xanımlar, amma bu “olmaz” bizə yox, qarşı tərəfə aiddir.


Məsələn, bu həftə “Amnesty İnternational” təşkilatı biri erməni əsilli olan iki əməkdaşını Gürcüstandan Azərbaycana göndərib. Onlar da qanunsuz gəlib və təbii ki, səbəbi izah olunaraq, geri qaytarılıblar. Və təşkilat özünün qəsdən quru yerdə yaratdığı bu insidenti bəhanə edərək, Azərbaycanı ittiham edir. Yəni problem yox idi – buyurun, problem yaradıldı! Bu, şlyapanın içindən dovşan çıxarmaq kimi bir şeydir - Vualya!-, və hazırdır.

Amma Avropa Şurasının baş katibi Torbyorn Yaqland daha uzağa getdi. Düz 1 il əvvəl özünün İlham Əliyevdən xahişi ilə bərpa olunan Azərbaycanda İnsan Haqları məsələsi ilə əlaqədar İşçi Qrupda iştirakdan imtina etdi. Niyə? Bəlkə Qrupun fəaliyyəti effektsiz olub? Xeyr! İşçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarındakı 16 nəfər azad edilib, 1 nəfərin cəza müddəti azaldılıb. Bu, onu göstərir ki, qrupun fəaliyyəti kifayət qədər səmərəli olub.

Bəs səbəb nədir? Səbəb yoxdur, bəhanə var. Guya, Azərbaycanda siyasi məhbuslar dözülməz şəraitdə saxlanılırmış. Təbii ki, bu zaman heç bir fakt-filan göstərilmir. Yəni kimdir o siyasi məhbus, nədir onun şəraiti? İkincisi, əgər Avropa Şurasının bu cür adlandırdığı adamların siyahısında məsələn, Xədicə İsmayıl varsa, onun özü bu yaxınlarda saxlanma şəraitinin yaxşı olduğunu deyib, razılıq etmişdi. Onda belə çıxır ki, cənab Yaqland hətta Xədicənin özündən daha artıq Xədicədir.

Absurdun ən yağlısı ondadır ki, Yaqland Azərbaycanda insan haqlarını bəhanə edərək, insan haqları üzrə işçi qrupdan çıxır. Halbuki, məntiqlə əksinə olmalı idi: Avropa Şurası insan haqlarının qorunması üçün insan haqları üzrə birgə işçi qrupda fəaliyyətini daha çox gücləndirməli idi. Müqayisə gətirəsi olsaq, təsəvvür edin ki, Avropa Şurası bir qadındır və hamilə qala bilmədiyini bəhanə edərək, aborta gedir. Bu məntiqi izah edənə hətta Nobel mükafatı da vermək olar.

Anologiya təsadüfi deyildi. Qəribədir, amma sanki Qərbin bütün beynəlxalq institutları Azərbaycana münasibətdə özlərini dözülməz xarakteri qadınlar kimi aparırlar: biri – məsələn, Avropa Parlamenti,- böhtan atır, o biri – Avropa Şurası,- naz edir və küsüb üzünü o yana döndərir, bir başqası – tutaq ki, `Amnesty İnternational` isə hətta hər cür imkan yaradaraq, özünün zorlanmasına çalışır. Anologiyanı qüsurlu saymayın, beynəlxalq münasibətləri doğrudan bu hala gətirib çıxarıblar. Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xidmət alətinə çevrilir. Və stop...

Hər şeyin izahı da bundadır: Böyük dövlətlər və onların barmaq hərəkətindən asılı olan beynəlxalq təşkilatlar istəyirlər ki, kiçik saydıqları ölkələr onların qurduqları oyun qaydaları ilə oynasınlar. Amma Azərbaycan inadla göstərir ki, kiçik dövlət sayılması ilə barışmayacaq; göstərir ki, problem bizdə yox, bizi “kiçik” saymaq istəyənlərdədir. Küsmək, arxa çevirmək, böhtan atmaq, informasiya savaşı aparmaq, ləkələmək, təxribat yaratmaq yox, sadəcə, beynəlxalq hüquqa hörmət eləmək lazımdır. Çünki beynəlxalq hüquqda “kiçik dövlət” anlayışı yoxdur!


Teqlər:  



Xəbər lenti