“İnter”in prezidenti Azərbaycandan çıxa bilmir
G.Nikolov Azərbaycan Beynəlxalq Bankı ilə bağlı iş üzrə şahid qismində çağırıldığını söyləyib: "Şahid kimi mənə bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Halbuki istənilən halda müttəhim deyiləm. Azərbaycan Daxili İşlər Nazirliyindən "Şahid olduğun üçün burada qalmalısan" dedilər".
Klub prezidentinin sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var: "Bolqarıstanda da şahid ola bilərəm. Azərbaycanda qalma müddətim başa çatmaqdadır və vəziyyət mürəkkəbdir. Gedə də, qala da bilmirəm. İki gün öncə miqrasiya orqanlarına vizamı uzatmaq üçün sənədlərimi vermişəm. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri məlum deyil".
Hazırda "İnter" qarşısında öhdəliklərini yerinə yetirdiyini deyən G.Nikolov klubun sahibinin dəyişmə prosesinin tezliklə yekunlaşacağını və yeni sahibkarın yeni komanda ilə çalışmaq arzusunda ola biləcəyini söyləyib. Amma o, istənilən halda Azərbaycanı tərk etməkdən başqa çarəsinin qalmadığını açıqlayıb.
G.Nikolov avqustun əvvəllərində Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət etdiyini və səfir Mayya Xristovanın konsul vasitəsilə məlumatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, M.Xristova problemin həlli üçün əlindən gələni edəcəyini və məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini bilgiləndirəcəyini söyləyib. Klub prezidenti hazırda nəticəni gözlədiyini deyib: "Bakının hüquq institutlarəndan ədalətli və düşünülmüş qərar, Bolqarıstan hökumətindən isə kömək gözləyirəm. Azərbaycanda heç vaxt problemlə üzləşməmişəm. Əksinə, yerli əhali və qurumların həddən artıq xoş münasibəti ilə qarşılanmışam. İş prosesində daim onların tam dəstəyini hiss etmişəm. Burada çoxlu dostum var".
"İnter"in prezidenti problemin yaranma səbəbini də açıqlayıb. O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı təsisçi və sahib olduğu klubu 3 istiqamətdə - sponsorluq, reklam və yeni obyektlərin tikintisi üçün nəzərdə tutulan kreditləşdirmə üzrə maliyyələşdirib. Martda bank və holdinqin idarəçiliyində dəyişiklik edilib, audit və araşdırmalara başlanılıb. Beləliklə, klub bankın sahiblik etdiyi təşkilatlar siyahısına düşüb: "Bu, mənimlə bağlı yaranmış situasiyanın səbəbidir".
G.Nikolovun fikrincə, həqiqətən də günah keçisi axtarılırsa, bu, çox təəssüfləndiricidir: "Klub aldığı bütün vəsaitləri lazımi qaydada maliyyə hesabatında sənədləşdirib. Kreditlər mövcud əməliyyat obyektlərinə sərf olunub. Bütün vəsaitlər ədalətli və mövcud hədəflərə xərclənib. Bu məsələdə illər ərzində ciddi məsuliyyətimi qorumuşam. Narahatlığım qeyri-müəyyən durumda olmağımla bağlıdır. Hər bir ölkədə olduğu kimi, burada da yaşamaq üçün razılıq olmaldıır. Amma hələ razılıq verilməyib. Bundan başqa, ölkəni tərk edərək şəxsi və işgüzar məsələlərlə bağlı səfərlərdə ola bilmirəm. Buna görə qayğılıyam. Qəzetiniz vasitəsilə Bolqarıstan hökumətinə müraciət edirəm. Azərbaycan qanunlarına əməl etməkdə günah işlətməyən insana müvafiq institutların kömək göstərib-göstərməyəcəklərini bilmək istəyirəm. Bu məsələdə tam qərarlıyam".
Qeyd edək ki, oktyabrın 13-də Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.