`Məşədi, sən öl, bu bal o baldan deyil...` - Reportaj

`Məşədi, sən öl, bu bal o baldan deyil...` - Reportaj
  13 Oktyabr 2015    Oxunub:10840
Arıçılar arasında belə bir deyim var: “Bal tutan boğaza qədər ballanar”. İlin günün bu vaxtında arının min cür əziyyətini çəkənlər əllərinin bala batması ümidiylə üçün üz tutublar Bakıya...

Artıq üç gündür Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında-red) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir. AzVision.az-ın əməkdaşları yolunu sözügedən yarmarkadan salıb, bal satışı ilə maraqlanıb.

Yarmarkaya daxil olmuşduq ki, bal kimi şirin dilini işə salan satıcı Səbirə İbrahimova balını necə təriflədisə, bir də özümüzü piştaxtanın yanında gördük. Lerik balından bir qaşıq dadıb, söhbətimizə şinlik qatdıq.



Söhbətə başlamışdıq ki, Səbirə xanım alıcı qıtlığından şikayət etdi. O dediyinə görə, iki gün ərzində cəmi 50 kiloqram bal sata bilib: “Ötən il istirahət günləri bal yarmarkasında alıcı əlindən tərpənmək olmurdu. İndi yarmarkada ancaq bal satanlardır. Bəlkə də hamı iş başındadı, ona görə belə zəifçilikdir”.

Balını tərifləyə -tərifləyə bizi piştaxtasına dəvət edən arıçı Ziyadəli Əliyev bu il Naxçıvanda məhsuldarlığın yüksək olduğunu deyir. Naxçıvan balının kiloqramını 20 manata satan arıçı iki günə 65 kiloqram bal satıb.



Yarmarkanın ən qızğın anında əlləri arı kimi cəld işləyən Əliyar Abdullayev malını satmaq üçün müştərini dilə tutmuşdu: “Məşədi, qardaşcanı bu bal sən bildiyin o baldan deyil... Öz canım üçün təmiz baldı”.

Kəpəz, Göygöl balı satan arıçı deyir ki, arının bal gətirməsini arıçılar ətrindən bilirlər.

O, balın satışının yüksək olacağına ümid edir. Satıcının fikrincə, bu il balın qiyməti daha ucuz olduğundan alıcılıq qabiliyyəti yüksək olacaq: “Balın satış qiyməti 15 manat müəyyənləşib. Amma balın qiyməti onun keyfiyyətindən asılı deyil. Məsələn, biz balın kiloqramını 20 manata veririk. Burada qiymət 15 manat qoyulub. Məcbur olub aşağı qiymətə satırıq”.



Yarmarkada ən çox diqqətimizi çəkən məqam ölü arıların da satışa çıxarılması idi. Baytar mütəxəssis Rövşən Tağıyev deyir ki, ölü arıları çay dəmləməsi edib içirlər. Bir çox xəstəliklərin dərmanıdır.



Arı dünyasından xəbərsiz olduğumuzdan hər məhsulu maraqla izlədiyimizi görən arıçı Rövşən Tağıyev bizi ən xeyirli arı məhsulu ilə tanış edir. Deyir, Güləm 300 dərdin dərmanıdır. Bronxial astma, dəri, mədə bağırsaq sistemi xəstəliklərinə xeyirlidir. 200 qramı 30 manata satılır.



Biləsuvarlı arıçı Hikmət Əliyev sonsuzluğun dərmanının arıda tapıldığını iddia edir. Nə qədər təəccüblü olsa da arıçı arıdan hazırlanan padmar nastoykasının sonsuzluğun və bronxial astmanın dərmanı olmasına bizi də inandırır.



Satıcı ilə mübahisə edən müştəri Nizami Məmmədov qiymətlərdən razı olsa da, aldığı balın xalis bal olduğuna şübhə edir.

“Bakıda heç vaxt bal olmayıb. Ona görə də başım çıxmır. İndi burda kim nə versə, alıb gedəcəyəm. Satıcı ilə razılaşdıq. Deyir hamıya 20 manata satdığı balı mənə 15 manata verəcək. Ona görə də iki kiloqram almaq istəyirəm”.



Alıcı Fazil Həsrətov da baldan başı çıxmadığı üçün bilmir nə etsin.

“Deyirlər, qiymətlər 15 manatadır. Amma bir neçə yer var ki, orda endirim də edirlər. Məsələn, orda Naxçıvan balı vardı, çox xoşuma gəldi. Başqa bölgələrin balından da dadım. Axırda birtəhər qərar verib, seçimimi Naxçıvan balının üstündə saxladım”.

Balın təmizliyini sübut etmək üçün alıcılara öz balının ətrindən danışan arıçı Ehtiram Sarıyev hamıdan fərqli olaraq balın kiloqramını 25 manatdan aşağı vermir: “Bu bal digərlərindən daha üstündür. Çünki o əl dəyilmədən hazırlanır. Ağac kötüyünü qoyuruq, arı orada şanı salır. Bir sözlə, əl dəyilmədən təmiz şəkildə bal yaranır. Ona görə də 25 manata veririk”.





Satışda arı pətəyi də var idi. Müsahibim deyir ki, pətəyin içində 2 kiloqram yarım təmiz bal var, çərçivəylə birgə isə 3 kiloqramdır. Qiyməti isə35 manatdır. Arıçının sözlərinə görə, pətək orqanizm üçün çox xeyirlidir. Belə ki, pətəyin üzərindəki qaymaq mədədə olan qızartını, yaranı sağaldır.





Stolun üstündə olan balaca yumru bükülü də diqqətimizdən yayınmır. Bizim üçün yeni olan bu bükülünün adıyla və nəyə lazım olmasıyla maraqlanırıq. Arıçı deyir ki, adı Vərəmum olan bu bükülünün 1 qramı 30 qəpikdir.



Bal yarmarkasından çox səhiyyə sərgisini xatırladan piştaxtalarda arının müxtəlif məhsullarından dərmanlar da hazırlanaraq satışa çıxarılmışdı.



Arıçıların dediyinə görə, baldan daha baha olan propolis, çiçək tozu və şanı min bir dərdin dərmanıdır. Satış sərgisində ən çox marağa səbəb olan və yarmarkanın ən bahalı məhsulu isə arının südüdür.

Satıcılar deyir ki, arı südü balalarını qidalandırmaq üçün ifraz edir. Südü bala qarışdırıb satırlar. Arı südünün 1 qramı 40-50 manata satılır.

Arı südü mədə-bağırsaq xəstəliklərin əziyyət çəkən insanlara tövsiyə olunur.



Yarmarkada Qırğızıstandan gətirilən bala da rast gəldik. Yerli arıçılar isə Qırğızıstan balının yarmarkaya çıxarılmasından narazıdırlar. Deyirlər, Qırğızıstan balı onların bazarını öldürüb.







Gültəkin Ələsgər

Fotolar: Elvin Abdulla


Teqlər:  





Xəbər lenti