Nazir: “Hörmət-izzətlə dəfn etmək istərdik, amma...”

Nazir: “Hörmət-izzətlə  dəfn etmək istərdik, amma...”
  19 İyun 2013    Oxunub:1218
“Fransa Respublikasının qanunvericiliyi ailə münasibətləri daxilində xanımı və yetkinlik yaşına çatmayan uşağın mövqeyini nəzərə alaraq qərar çıxarıb ki, bu insan Fransada dəfn olunsun”.

“Azərbaycan dövləti görkəmli xalq rəssamı Toğrul Nərimanbəyovun Azərbaycana qaytarılması istiqamətində işlər görür”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Toğrul Nərimanbəyov Azərbaycan mədəniyyətinin, xalqının bir hissəsi, Azərbaycanın rəngkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir:

“Biz onun nəşini sözsüz ki, Azərbaycana gətirib hörmət və izzətlə dəfn etmək istəyirik. Lakin burada başqa amillər də var. Fransa Respublikasının qanunvericiliyi ailə münasibətləri daxilində xanımı və yetkinlik yaşına çatmayan uşağın mövqeyini nəzərə alaraq qərar çıxarıb ki, bu insan Fransada dəfn olunsun. Orada insan hüquqları müdafiə olunur. Sözsüz ki, xanımın iradəsi və rəyi onu mütəmadi ziyarət etmək və onun yanında olmaq mövqeyi ilə izah olunur. Biz isə bir millət, dövlət olaraq öz ölkəmizin nümayəndəsini əlimizdən buraxıb başqa bir dövlətdə dəfn olunması ilə razılaşmalıyıq. Amma bu proses hələ davam edir”.

Ə.Qarayev bildirib ki, müasir dünyada fərd və cəmiyyət münasibətlərinin kimə böyük üstünlük vermək, hansı hüquqlara daha böyük əhəmiyyət verib düzgün qərar çıxarmaq məsələsini də gündəmə gətirir:

“Mən demirəm ki, biz indi bu məsələ ilə rastlaşırıq. Biz bu məsələ ilə mütəmadi olaraq rastlaşırıq. Onun yaratdığı bir tərəfdən ona, digər tərəfdən isə xalqa, mədəniyyətimizə məxsusdur. Bu tarazlaşma mexanizminin formalaşması, hüquqların hansı tərəfə daha böyük üstünlüklə həyata keçirilməsi sualına biz özümüz də cavab tapa bilmirik”.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda aparılan mədəni siyasət tam əsas deməyə imkan verir ki, həm milli azlıqlar, həm cəmiyyətin özünün, həm insanların, həm də millətin mədəni hüquqlarının müdafiəsinə tam şərait yaradılıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti