Dünyanın ən `əliaçıq` 20 milyarderi - SİYAHI (FOTOLAR)

  13 Oktyabr 2015    Oxunub : 5717
Dünyanın ən `əliaçıq` 20 milyarderi - SİYAHI (FOTOLAR)
Amerikanın ilk filantroplarından biri Endryu Karnegi xeyriyyəçilik prinsiplərini formalaşdırıb: “Başqalarına yardım etməyən heç vaxt varlana bilməz”, “Varlı olaraq həyatdan köçən şərəfsizcəsinə ölmüş kimidir”.

Bütün dünya üzrə varlıların bir çoxu məhz bu fəlsəfəni mənimsəyib və bu səbəbdən varidatlarının bir hissəsini müxtəlif ehtiyaclar üçün xərcləyiblər.

AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, “Wealth-X” kompaniyası dünyanın 20 ən əliaçıq şəxsinin siyahısını tərtib edib. Siyahı tərtib olunarkən şəxsin bütün həyatı boyu xeyriyyəçilik məqsədi ilə xərclədiyi ümumi pul vəsaiti əsas götürülüb.

“Wealth-X”, həmçinin hər bir xeyriyyəçi üçün əliaçıqlıq indeksini (Generosity Index) də müəyyən edib. Bu göstərici varidatın ümumi həcminə nisbətən bütün ömrü boyu xeyriyyəçilik məqsədi ilə xərclənən vəsaitə görə müəyyən edilir.

Siyahıda birinci yeri ümumi sərvəti 84,2 milyard dollar olan Bill Qeyts tutur. O, həyatı boyu xeyriyyəçiliyə 27 milyard dollar xərcləyərək əliaçıqlıq indeksini 32 faizə çatdırıb. Microsoft şirkətinin banilərindən biri Bill Qeyts həyat yoldaşı Melinda ilə birgə təsis etdiyi “Bill & Melinda Gates Foundation” fondu çərçivəsində xeyriyyəçiliklə məşğuldur.

Fond bütün dünyada əsasən kənd təsərrüfatı, təbii fəlakətlər zamanı yardım, kitabxanaların tikilməsi, yoxsulluqla mübarizə, səhiyyə və təhsil sahələrindəki proqramlara qrantlar ayırır. Təsis olunduğu dövrdən bəri fond “GAVI Alliance”, Dünya Səhiyyə Təşkilatı, QİSÇ, vərəm və malyariya ilə mübarizə fondları, həmçinin UNICEF-in də daxil olduğu minlərlə təşkilata xeyriyyəçilik edib.

Xeyriyyəçilər siyahısında ikinci yeri tutan Uorren Baffetin ümumi vəsaiti 61 milyard dollardır. Əliaçıqlıq indeksi 35 faiz olan “Berkshire Hathaway” holdinqinin icraçı direktoru Baffet həyatı boyu xeyriyyəçiliyə 21,5 milyard dollar xərcləyib. 2006-cı ildə o, varidatının 85 faizini “Bill & Melinda Gates Foundation” və digər fondlara bağışlayıb.

Varidatı 24,4 milyard dollar təşkil edən Corc Soros siyahıda üçüncü pillədə qərarlaşıb. Bütün həyatı boyu xeyriyyəçiliyə 8 milyard dollar xərcləyən Sorosun əliaçıqlıq indeksi 33 faizdir. “Soros Fund Management” fondunun təsisçisi hazırda 1979-cu ildə qurulan və beynəlxalq layihələrə vəsait ayıran “Open Society Foundations” xeyriyyə fonduna başçılıq edir.

Siyahıda sonrakı yerin sahibi - 15,9 milyard varidatı olan hindistanlı Əzim Premji həyatı boyu xeyriyyəçiliyə 8 milyard dollar xərcləyərək əliaçıqlıq indeksini 50 faizə yüksəldib. O, hazırda “Wipro” konsaltinq kompaniyasının rəhbəri vəzifəsini tutur, həmçinin Hindistan məktəblərinin və imtahan qəbulu sisteminin islahatı ilə məşğul olan “Azim Premji Foundation” fondunun təsisçisi və başçısıdır.

“Wealth-X” kompaniyasının tərtib etdiyi siyahıda ilk beşliyi hazırda əlində 1,5 milyard dollar sərvəti qalan Çarlz Frensis Fini tamamlayır. O, indiyədək xeyriyyəçilik məqsədi ilə 6,3 milyard dollar xərcləyib və əliaçıqlıq indeksini 420 faizə çatdırıb. Bu keyfiyyətinə gözə Çarlz Frensis Finini xeyriyyəçiliyin Ceyms Bondu adlandırırlar. Onun rəhbərlik etdiyi “Atlantic Philanthropies” fondu ABŞ, Vyetnam və Bermud adalarının da daxil olduğu bir neçə ölkədə elm, təhsil, səhiyyə və insan haqları sahəsində layihələri dəstəkləyir.

Dünyanın növbəti 15 ən əliaçıq insanı isə belə sıralanır:

6. Süleyman ben Əbdül Əziz Əl Raci. Hazırda sərvəti 590 milyon dollardır və indiyədək xeyriyyəçiliyə 5,7 milyard dollar xərcləyib. Əliaçıqlıq indeksi 966 faizdir.

7. Qordon Mur. Hazırda sərvəti 6,5 milyard dollardır və 5 milyard dollar xərcləyərək əliaçıqlıq indeksini 77 faizə çatdırıb.

8. Karlos Slim. Hazırda sərvəti 27,3 milyard dollardır. İndiyədək 4 milyard dollar xərcləyib. Əliaçıqlıq indeksi 15 faizdir.

9. Eli Brod. Hazırda sərvəti 7,3 milyard dollardır və 3,3 milyard dollar xərcləyərək əliaçıqlıq indeksini 45 faizə qaldırıb.

10. Corc Kayzer. Hazırda sərvəti 9,3 milyard dollar olan Kayzer xeyriyyəçilik işlərinə 3,3 milyard dollar xərcləyib. Əliaçıqlıq indeksi 35 faizdir.

Onların ardınca Maykl Blumberq, Pol Allen, Mark Tsukerberq, Li Ka-şinq, Con Hantsmen (ata), Ted Törner, Ceyms Saymons, Maykl Dell, Pyer Omidyar və Ditmar Hopp gəlir.

Foto


Teqlər: