“Gənclər mədəniyyətimizi internetdən öyrənir”

“Gənclər mədəniyyətimizi internetdən öyrənir”
  19 İyun 2013    Oxunub:1127
“Müxtəlif ölkələr internetlə bağlı müxtəlif qanunlar tətbiq edir, müdafiə sistemini təkmilləşdirir, amma bu yekun nəticəyə çox az təsir göstərir”.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Ombudsmanların XI beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir, insan, mədəniyyət, müəllif hüquqları kimi məsələlərin aktuallığına toxunub, öz hüquqlarımızı müdafiə etməli olduğumuzu deyib.

“Bir tərəfdən məkan açıqdır, oraya daxil olaraq öz mədəni prosesimizi əks etdirə, tanıtdıra bilərik. Lakin burada çox incə bir xətt var. Bu xətt digər insanların hüquqları, onlara hörmətlə yanaşılması məsələsidir. Bu gün nəinki, Azərbaycanda bütün dünyada bu məkan paralel bir mədəni məkanı yaradır. Bu gün mədəniyyətdən danışarkən festivallar keçiririk, konsertlər, sərgilər təşkil olunur. Amma artıq biz daimi rastlaşdığımız, öyrəşdiyimiz üsullar cəmiyyətin və bəşəriyyətin heç 10-15%-ni də əhatə etmir”.

Nazir bildirib ki, bu gün gənclərin böyük əksəriyyəti öz mədəniyyətini sosial şəbəkələrdən tanıyır.

“Biz öz mədəniyyətimizi, irsimizi bu şəbəkələrdə tanıtdırırıq ancaq qoruya bilirikmi, əsas sual budur. Bu gün hər hansı bir ölkənin nümayəndəsi internet vasitəsilə istədiyini yaza, Azərbaycan mədəniyyətinə xələl gətirə bilər, təhqir edə bilər. Bunun cavab mexanizmi necə olmalıdır?. Cəmiyyətmi, fərdlərmi, yoxsa təşkilatlarmı.

Əfsuslar olsun ki, nə mən, nə də bu şəbəkəni yaradan insanların özləri bu suala cavab verə bilməz. Çünki belə bir mexanizm yoxdur. Müxtəlif ölkələr internetlə bağlı müxtəlif qanunlar tətbiq edir, müdafiə sistemini təkmilləşdirir, amma nəticə dəyişmir. Ona görə də insan haqları, davamlı inkişaf haqqında düşünərkən ilk öncə yeni məkanda, virtual dünyada öz hüquqlarımızı bilməli və qorumalıyıq”-deyə Ə.Qarayev vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti