`Al bu 20 qəpiyi, səsini kəs..!` – Yeni avtobuslardan reportaj

  14 Oktyabr 2015    Oxunub : 21731
`Al bu 20 qəpiyi, səsini kəs..!` – Yeni avtobuslardan reportaj
Artıq bir müddətdir Bakıda yeni avtobuslar fəaliyyətə başlayıb. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus avtobuslar görünüşü və xidməti ilə əvvəlkilərdən xeyli fərqlənir. Bu avtobuslarda gediş haqqı “BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. Paytaxt sakinləri arasında “qırmızı avtobus”lar kimi tanınan nəqliyyat vasitəsindən hələ də bəzi sərnişinlər istifadə etməkdə çəkinlik çəkir. Bunu avtobus dayanacaqlarında da müşahidə etmək olar.

-Ay xala kartını vur, sonra avtobusa min.

-Kart nədi? Al, bu 20 qəpiy səsini kəs. Bu da təzə çıxdı? Həmişə pulumuzu verib, avtobusa minmişik. İndi də kartla minməliyik?

Yeni avtobusların fəaliyyəti ilə maraqlanan əməkdaşlarımız bu kimi dialoqların şahidi olublar.

Öncə onu qeyd edək ki, yeni avtobuslar B1 "Koroğlu" m/st - "28 May" m/st, H1 “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” – “28 May” m/st xətləri arasında hərəkət edir.

Bu avtobusları digərlərindən fərqləndirən əsas məsələ ödəniş sistemi və sərnişinlərin avtobusa müxtəlif qapılardan minib-enməsidir. Belə ki, sərnişinlər “Baku kart” vasitəsi ilə ön qapıdan avtobusa minərkən ödəniş edirlər. Avtobusdan düşmək üçün yalnız orta və ya arxa qapıdan istifadə edə bilərlər.



Avtobuslarda diqqətimizi çəkən sürücünün kabinəsində “nağd ödəniş qəbul olunmur” elanıdır. Elanın diqqət çəkən yerdə vurulmasına baxmayaraq, bir çoxları 20 qəpiyini verib mənzil başına çatmaq istəyirdilər. Bu isə çox vaxt sərnişinlə sürücülər arasında mübahisəyə səbəb olurdu.



Əməkdaşımızla həmsöhbət olan 5 nömrəli avtobusun sürücüsü Natiq Quliyev sərnişinlərdən əməlli-başlı narazılıq edib: “Əhalinin çoxu hələ avtobusların kart sisteminə keçməsindən xəbərsizdirlər. Ona görə də belə problemlər yaşanır. Amma bu da müvəqqətidir. Yəqin ki, tezliklə aradan qalxacaq”.

1 nömrəli avtobusun sürücüsü Eldar İsgəndərov isə deyir ki, kartla işləmək çox rahatdır: “Gün ərzində bir neçə reys və yüzlərlə sərnişin. Təsəvvür edin ki, həmin sərnişinlərdən pul al və qalıq qaytar. Burada həm zehni işlədirsən, həm də avtomobil idarə edirsən. Amma indi özümüzü səliqəli, mədəni insan hiss edirik. Belə işləmək çox rahatdır”.



Bu arada onu da qeyd edək ki, yeni avtobusları dayanacaqdan kənar heç bir yerdə gözləməyə dəyməz. Çünki marşrut üzrə hərəkət edən avtobus yalnız dayanacaqlarda dayanır. Hətta dayanacaqda heç kim olmasa da, sürücü avtobusu nəzərdə tutulmuş yerdə bir neçə saniyə saxlamalı olur.

“28 May” metrostansiyasından “Koroğlu”ya qədər yol boyu bunun canlı şahidi olduq.



Dayanacaq olmayan yerdə düşmək istəyən sərnişinlər də oldu, yol kənarında sürücüyə əl edərək, marşrutun dayanacağını gözləyənlər də...



Kart sisteminin tətbiqində əsasən yaşlı sərnişinlər narazılıq edirdilər.

“Bizim başımız çıxmır kartdan, nə edək kartımız yoxdursa, avtobusa minə bilmərik?”-deyə sərnişinlərin şikayətinə sürücülər belə cavab verirdilər: “Ödəmə kartınız yoxdursa, xahiş edirəm avtobusu tərk edin...”

Dayanacaqda bəzi sərnişinlər qaydalara zidd olsa da, arxa qapıdan avtobusa minmək istəyirdilər. Amma avtobus sürücüsü sadəcə qapını onların üzünə bağlamaqla məsələni həll edirdi.

Yeni avtobusların sərnişinləri ilə də həmsöhbət olduq. Ayişə İsmixanlı adlı paytaxt sakini yeni avtobuslardan razıdır: “Çox gözəldir. Həm rahatdır, həm kanfortlu. Ödəniş də rahatdır. Cibimdə qəpik gəzdirməli olmayacağam. Əvvəl bir neçə dəfə xırda pulum olmadığından gedişhaqqı kimi 10, 20 manat vermişəm. Sürücü o qədər deyinib ki, özüm də bütün sərnişinlərin içində üzüqara olmuşam. Amma indi belə şeylər olmayacaq. Heyf ki, avtobusun yolunu qısaldıblar. Mənzil başına iki avtobus dəyişməli oluram”.



Digər sərnişin Əsgər Mirzəyev deyir ki, ödənişin kartla edilməsi, sanki, sürücülərin də mədəniləşməsinə səbəb olub: “Hamı bilir ki, avtobus sürücüləri günlük plan ödəyir. Onlar da planı doldurmaq üçün bir-biriləri ilə yarışırlar, avtobusu necə gəldi sürürlər. Ya da istədikləri yerdə saxlayıb sərnişin götürürlər, düşürürlər. İndi belə şey yoxdur. Hamı bilir ki, dayanacaqda minməlidir, orda da düşməlidir. Sürücü maaş aldığına görə daha çox sərnişin götürməkdə maraqsızdır. Bir sözlə, görmədiyimiz günə düşmüşük”.



Gültəkin Ələsgər
Fotolar: Elvin Abdulla

Teqlər: