DSMF üçün 27 milyon ayrılıb

DSMF üçün 27 milyon ayrılıb
  14 Oktyabr 2015    Oxunub:2082
“Dövlət Sosial Müdafiə Fondunun aparatının və onun yerli orqanlarının saxlanılmasın üçün 27 milyon manat nəzərdə tutulub. Qeyd olunan xərclər Fondun bütün xərclərinin 0,88 faizini təşkil edir və bu sığorta-pensiya sistemləri üçün ən aşağı göstəricilərdən biridir”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev öz çıxışında bildirib.

Növbəti ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərclərinin 3 mlrd 78 milyon 600 min manat səviyyəsində proqnozlaşdırıldığını qeyd edən E.Mehdiyev deyib ki, bu da cari ilin büdcəsinə nisbətən 22 milyon 300 min manat və ya 0,7 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun sədri məlumat verib ki, xərclər üzrə dəyişikliyin istiqamətləri belədir: əmək pensiyası üzrə xərclərin artımı 13 milyon 100 min manat, müavinətlər üzrə artım 8 milyon 900 min manat və digər xərclər üzrə artım 300 min manat proqnozlaşdırılır. Gəlirlərlə bağlı isə məcburi dövlət sosial sığorta haqları üzrə artım 22 milyon manat, sair gəlirlər üzrə artım 300 min manat nəzərdə tutulur və dövlət budcəsinin transferti dəyişdirilmədən cari ilin səviyyəsində saxlanılır:

“Göründüyü kimi, xərclərin artımı toplanan sosial sığorta haqları hesabına qarşılanacaq. Fondun 2016-cı il üçün gəlirlərinin 64,1 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,9 faizə enəcəkdir. Qeyri-büdcə üzrə gəlirlərin artımı xüsusilə hədəfə alınmaqla həmin sahədən daxilolmaların cari ilin proqnozu ilə müqayisədə 21 milyon manat artımı nəzərdə tutulub”.

Fond sədri onu da qeyd edib ki, 2016-cı il üçün proqnozlaşdırılan digər xərclərin tərkibində pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 20 milyon manat, "Pensiya və sosial təminat" layihəsi üzrə beynəlxalq kreditin qaytarılmasına 1 milyon 300 min manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri üçün 40 min manat vəsait nəzərdə tutulub.

“Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 19 milyon 100 min manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin müvafiq proqnoz göstəricisi ilə eyni səviyyədədir”.

AzVision.az




Teqlər:  





Xəbər lenti