`Heç vaxt özünü gözə soxan olmayıb…` - Baş nazirin uşaqlığı və gəncliyi (FOTOLAR)

`Heç vaxt özünü gözə soxan olmayıb…` - Baş nazirin uşaqlığı və gəncliyi (FOTOLAR)
  15 Oktyabr 2015    Oxunub:79079
...Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin gənclik illərinə işıq salmaq üçün əvvəlcə onun uşaqlıq və gənclik dövrünün keçdiyi Lənkəran şəhərinə yollandıq. Baş nazirin evində və təhsil aldığı Lənkəran şəhər 4 saylı orta məktəbdə olduq.

Ömrünün 54 illini müəllimlik peşəsinə həsr edən Svetlana Orucova adlı qocaman müəllimə bir yerdə böyüdükləri ailə dostları və qonşusu olan baş nazirlə bağlı xatirələrini AzVision.az ilə bölüşdü. O, baş nazirin ailəsindən, uşaqlıq illərindən, gəncliyindən, üzləşdiyi çətinliklərdən danışdı.

- Arturun atası, rəhmətlik Tahir müəllim müharibəyə könüllü getmişdi. Çox təəssüf ki, geri qayıtmadı. Anası Tamara xanım isə Lənkəranın Yol İdarəsində baş mühasib işləyirdi. O, işdə olan zaman nənələri uşaqlara - Artura və bacısı Tamilla xanıma tərbiyə verərdi.

Arturun dayısı da müharibəyə gedib, bir daha geri qayıtmamışdı. Babasının qardaşı böyük Hüseyn Cavid idi. Anası da əsl azərbaycanlı idi. Bacısı Tamilla xanım Arturdan balaca idi. O, çox sakit və şirin bir qız idi. Biz həmişə bir yerdə olardıq…



Biz Arturgil ilə bir evdə yaşayırdıq. Onların iki otaqları var idi. Mən də anamla qalırdım. Biz bir yerdə böyümüşük. O vaxtı müharibə illəri idi, qonşular da bilirdilər ki, həyat çox müvəqqətidir. Ona görə bir-birilərinə çox yaxın idilər.

Məktəbdə əlaçı şagird olan Artur dəqiq elmləri gözəl bilirdi. Riyaziyyat, kimya və fizikanı çox yaxşı oxuyurdu. Ancaq ədəbiyyatdan da əl çəkə bilmirdi. O, həmişə kitab oxuyardı. Onların evlərində çox gözəl kitablar olardı. Mən də o kitabları oxuyurdum. Artur həm savadlı, həm də çox gözəl tərbiyəli bir şagird idi. Onların ailəsi çox yüksək mədəniyyətə malik idi.



Artur orta məktəbi bitirdikdən sonra Bakıya getdi. İmtahanları çox uğurlu şəkildə verdikdən sonra Dövlət Neft Akademiyasının Mexanika fakültəsinə daxil oldu. Bütün fənnlərdən 5 almışdı. Çox utancaq idi. Heç vaxt bəziləri kimi özünü gözə soxan olmayıb. Amma onun qabiliyyətini, istedad və bacarığını hamı görürdü. Ona görə də yavaş-yavaş irəli getdi.

Artur müəllim gələcək həyat yoldaşı Aidə xanımla bir institutda işləyirdilər. Bir müddət sonra evləndilər. Sonra Aidə xanım Lənkərana gəldi. Arturun Nailə adlı bir qızı var, atası kimi istedadlı, bacarıqlı və mədəniyyətlidir.

…Müəlliməni çətinliklə şəkil çəkdirməyə razı sala bildim. Uzun ağ saçlarını geriyə darayaraq, zarafatla dedi ki: “İstəmirəm ki, bizim Arturumuz məni belə qoca görsün. Amma mən onu çox istəyirəm”.

Müəllimə ilə sağollaşıb baş nazirimizin uşaqlığının keçdiyi evə getdik. Bir vaxtlar Artur müəllimin ailəsi ilə birgə yaşadığı evdə indi bir dövlət idarəsi yerləşir. Daha sonra isə Baş nazirin təhsil aldığı Lənkəran şəhər 4 saylı orta məktəbinə baş çəkdik.



Artur Rasizadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində çalışıb.

"AzİNMAŞ"-dan Artur Rasizadənin əmək fəaliyyəti barədə bizə bu məlumatlar verildi:
- Azərbaycan Elmi-tədqiqat və Layihə-konstruktroneft Maşınqayırma İnstitutu (AZİNMAŞ) Respublikamızda ən qocaman müəssisələrdən biridir. İnsititut 80 ildən çoxdur ki, fəaliyyət göstərir. Sovet dövründə AzİNMAŞ neft-mədən avandanlığının əsas layihəçisi idi və göstərilən avadanlığının 70 faizdən çox hissəsi institutun layihələri əsasında hazırlanırdı. AZİNMAŞ-ın layihələri əsasında SSRİ-nin 50-yə yaxın zavodunda çoxlu sayda neft-mədən avadanlığı istehsal olunub.

Artur müəllim mədən avadanlıqlarının layihəsi və sənayedə tətbiqi üzrə Respublikanın aparıcı mütəxəssislərindən sayılır. Onun iştirakı ilə Neft quyularında açıq fontanın qarşısını almaqdan ötrü yaratdığı atqıya qarşı avadanlıq 1971-ci ildə SSRİ-nin Dövlət mükafatına layiq görülüb.



O, yüksək vəzifələrdə işləməsinə baxmayaraq, çox səmimi, sadə və mehriban insandır. Onunla ünsiyyətdə olanlar bilir ki, Artur müəllimlə söhbət zamanı elə səmimi mühit yaradır ki, özünü onun yanında sərbəst hiss edirsən, sıxılmadan fikrini söyləyə bilirsən. Hər bir məsələnin həllində özü xırdalıqlarına qədər işin mahiyyətini öyrənir və sonra öz fikrini bildirir.

“Artur müəllim çox təvazökar insandır. Xoşlamır ki, onu tərifləsinlər. Onun haqqında xoş söz demək (baxmayaraq ki, həqiqətən buna layiqdir) özü böyük məsuliyyət tələb edir, çünki hələ bilmək olmaz ki, bu məqaləyə necə reaksiya verəcək”, - deyə bizə bildirdilər.

O zamanlar Artur Rasizdə ilə birlikdə AzİNMAŞ-da çalışan iş yoldaşları da baş nazirlə bağlı xatirlərini bölüşdülər. İlk müsahibimiz Baş nazirlə eyni vəzifədə çalışan, iş yoldaşı və həmyaşıdı olan Namiq Səfiyev oldu. Hazırda institutda elmi işçi olan N.Səfiyev Artur Rasizadənin ilk əmək fəaliyyətindən söhbət açdı və onunla bağlı xatirələrini bölüşdü:



- 1960-ci ildən bu institutda mühəndis vəzifəsində işləməyə başlamışam. Artur müəllimlə bir yerdə çalışmışıq. Həmin vaxtlar o, gənc mühəndis idi. Bizim idarənin aşağı hissəsində zavod kimi balaca bir sex var idi. AzİNMAŞ-ın layihələndirdiyi avadanlıqların ilkin nümunələrini çox vaxt orda özümüz hazırlayıb, sınaqdan çıxarıb istehsal şöbəsinə təqdim edirdik. Artur müəllim də o vaxtlar zavodun istehsalı ilə tanış olurdu, dəzgahların quruluşu və təyinatı məsələsini öyrənirdi. Çox vaxt Azərbaycan Neft Akademiyasından gələn gənc mühəndisləri həmin istehsalat sexinə təcrübə keçməyə göndərirdilər. Artur müəllimi ilk dəfə orada gördüm. Həmin vaxtlar onun 24-25 yaşı olardı. Həmişə çox səliqəli geyinərdi.

Bir müddət sonra Artur müəllimi idarədəki 8-ci şöbəyə müdir təyin etdilər. Bununla da sexdəki fəaliyyəti yekunlaşdı. O vaxt AzİNMAŞ-ın kollektivi çox da böyük deyildi. İdarənin bütün işçiləri Artur müəllimin fəaliyyətini yüksək səviyyədə qiymətləndirirdilər. O, vəzifəsinin öhdəsindən çox yaxşı gəlirdi.

60-cı illərin sonlarında AzİNMAŞ Dəniz mədənlərinin mənimsənilməsi məsələlərinə cəlb olundu. Xüsusi avadanlıqlar hazırlamağa başladıq. Atqıya qarşı avadanlığın hazılığı ilə məşğul olurduq. Volqoqrad şəhərində Barrikada zavodu vardı. Həmin zavodda bu avadanlıq istehsal edilirdi. Bu dəniz avadanlığı quruda işləyənlərdən çox fərqlənirdi. Bu avadanlıq sayəsində dənizdə aparılan işlərin bütün mərhələlərində təhlükəsizlik, etibarlıq, davamlıq daha yüksək səviyyədə təşkil olunurdu. Həmin avadanlığın layihəsini Artur müəllimin rəhbəri olduğu Mühəndis-Texniki şöbə hazılaşmışdı. Burada isə bütün iş şöbə müdiri Artur müəllimin üzərinə düşürdü. Şöbənin yaratdığı Atqıya qarşı avadanlıq hər kəs tərəfindən çox yüksək rəğbətlə qarşılandı. Volqoqrad zavadu ilə birlikdə AzİNMAŞ-ın mütəxəssisləri SSRİ-nin dövlət mükafatına layiq görüldülər. O cümlədən də, Artur müəllim.



1972-ci ildə isə AzİNMAŞ-ın bütün rəhbərliyi dəyişdi. Firudin Əliyev zavoda direktor təyin olundu. Direktorun elmi işlər üzrə müavini vəzifəsinə isə Artur müəllimi təyin etdilər. Daha sonra mən də də həmin şöbədə işləməyə başladım. Artur müəllim yeni vəzifəsinə uyğun olaraq zavodun bütün elmi işlərinə baxırdı. Araşdırma aparırdı, planlar hazırlayırdı. Artur müəllim çox sərt adam idi. Amma onunla yoldaşcasına da ünsiyyət qurmaq olurdu.

Bir dəfə katibə bizə zəng vurub dedi ki, Artur müəlllim təcili işçiləri otağına çağırır. Biz də tez onun otağına getdik və içəridə əyləşdik. Artur müəllim danışmağa başladı. Birdən qapı döyüldü. Zavodun şöbə müdirlərindən biri içəri daxil oldu və dedi: “Artur müəllim, bağışlayın, bir az gecikdim”. Artur müəllim şöbə müdirinin üzünə bir az baxdı və dedi: “Xahiş edirəm, çıxın gedin, qapını da o tərəfdən bağlayın”. Hamımız bir-birimizin üzünə baxdıq və yavaş səslə dedik: “Qayda-qanun belə olmalıdır!”

O vaxt neft-mədən avadanlıqları ilə məşğul olan birlik var idi, AzİNMAŞ da həmin birliyə daxil idi. Artur müəllim həmin birliyin baş mühəndisi vəzifəsinə təyin olundu. Tez-tez şöbə müdirlərini, direktorları həmin birliyə çağırırdılar. Bilirdik ki, zavodlar arasında mübahisə düşəcək. Mübahisələrin kökündə isə zavodların iş planının həddindən artıq ağır olması dururdu.



Artur müəllim də başda olmaqla biz mədənlərdə çox olurduq. Çünki bütün avadanlıqlar bu zavodda sınaqdan çıxarılırdı. Həmin avadanlıqların mədənlərdə yerləşdirilməsində bilavasitə iştirak edirdik. Artur müəllim olan yerdə qayda-qanun var idi. Onun zamanında aparılan müzakirələrdə əlavə mövzudan danışmaq olmazdı. Zavodlar arasında aparılan müzakirələr çox düzgün və qanun çərçivəsində təşkil olunurdu. Artur müəllim çox hazırcavab idi. Onunla müzakirəyə girişən adamlar bilirdilər ki, o, çox savadlı və məlumatlıdır. Çox prinsipial adam idi.

1977-ci ildə o, AzİNMAŞ-a qayıdı və direktor vəzifəsini icra etməyə başladı. 1978-ci ilə qədər zavodun direktoru oldu. Bundan sonra isə Dövlət Plan Komitəsində sədr müavini, Azərbaycan KMK (Kominist Partiyası Mərkəzi Komitəsi) maşınqayırma şöbəsinin müdiri oldu. Daha sonra isə Nazirlər Kabinetinə getdi.

Artur müəllimin Nəriman adlı bir yaxın dostu var idi. Onlar Lənkəranda eyni orta məktəbi bitirmişdilər. Zavodda da bir yerdə işləyirdilər. Yadımdadır ki, bir dəfə Nəriman müəllimin ad günü idi. O vaxt biz hamımız mühəndis idik. Yaxşı ad günü keçirdik. Artur müəllim də gələn qonaqların içində idi. O da bizim kimi aparıcı mühəndis idi. O, işdən kənarda da çox səmimi və sadə bir insan idi. Dostları ilə zarafat edirdi. Həmin vaxt bizim heç birimizin maşınımız yox idi. Geyimlərimiz də çox sadə idi.

60-cı illərin axırında Artur müəllimə birinci mənzili AzİNMAŞ vermişdi. O vaxt bütün işçilərə mənzillər verilirdi. Həmin mənzillər indiki 20 yanvar metrosunun yaxınlığında yerləşirdi. Beşmərtəbə binalar idi. Deyəsən həmin evlər 2 otaqlı idi.

O vaxt AzİNMAŞ-ın yaxınlığında Şin zavodu vardı. Zavodun sexindən çıxan bütün qara his AzİNMAŞ-ın həyətinə yayılırdı. Səhər işə gəlirdik, görürdük ki, stolun üstü qapqara tozdur. Zavodun həyətində olan sərçələr və şam ağacları da hisdən qaralmışdı. Səhər işə ağ köynəkdə gəlirdik, axşam evə gedəndə paltarımız qapqara olurdu. Artur müəllimin bilavasitə səyilə həmin Şin zavodunun sexinin yeri Qaradağa köçürüldü. Bundan sonra həmin ərazinin ekologiyası təmizləndi. O vaxt insititutun həyətində meydança da vardı. Voleybol, stolüstü tenis oynayardıq. Artur müəllim yaxşı voleybol oynayardı.



Sonda isə N.Səfiyev öz keçmiş iş yoldaşına ürək sözlərini çatdırdı:

- Rəhbərlikdə texnokratların olması çox vacidir. Çünki onlar texnikanı yaxşı bilirlər. Məsələləri daha dəqiq görür, ölçüb-biçirlər. Mühəndisin vəzifəsi onu məcbur edir ki, hər şeyə son dərəcə dəqiqliklə yanaşısın. Odur ki, Artur müəllim də bir texnokrat kimi öz vəzifəsində çox faydalı və yaxşı işlər görür. Ona Allahdan can sağlı, uğur arzulayıram.

Artur Rasizadənin AzİNMAŞ-dakı fəaliyyəti ilə bağlı fikirlərini bölüşən şəxslərdən biri də vaxtilə onun işə götürdüyü Natiq Hacıəliyev oldu. O da bir zamanlar müdiri olan Artur müəllimlə bağlı xatirlərini bölüşdü:

-1977-ci ilin dekabr ayının 9-u idi. Mən AzİNMAŞ-a işə düzəlmək üçün gəlmişdim. Qaydalara uyğun olaraq, məni birinci şöbə müdiri qəbul elədi. Təhsilimlə bağlı suallar verdi. Sonra direktor müavininin qəbulunda oldum. O dedi ki, gedək Artur müəllimin yanına. İlk dəfə Artur müəllimi orada gördüm. 15 dəqiqəyə yaxın söhbət elədik. Əsgərlik illərim, təhsilim və məqsədlərimlə bağlı mənə suallar verdi. Sonra isə AzİNMAŞ-ın fəaliyyəti barədə danışdı. Mən bu zavoda ikinci kursda oxuyanda gəlmişdim. Texnik kimi işləyirdim. İnsititutu bitirdikdən sonra burda aparıcı konsturuktur vəzifəsinə qədər yüksəldim. Artur müəllim gənclərə çox qayğı və həssaslıqla yanaşırdı. Düzgünlüyü sevən insan idi. Artur müəllimin qoyub getdiyi qayda-qanun bir ənənə kimi bu gün də zavodda davam edir. Çox ciddi bir adam idi. Artur müəllim biz gənclər üçün bir məktəb idi. Biz hər şeyi ondan öyrəndik.



O vaxtlar tez-tez iməcliklər keçirilərdi. Müdir də, adi işçi də - hər kəs iməcliklərdə işləyərdi. Artur müəllimi də orada görərdim. Hamının əlində bel olardı.

İndi onu efirdən görəndə çox sevinirik. Hətta mənim bir yaşlı anam var. Artur müəllimi efirdə görən kimi deyir “Natiq, bu kişi sənin müdirin olub”.

Artur Rasizadənin gənclik illəri ilə bağlı xatirələrini bölüşən şəxslərdən biri də o vaxtlar, elə indinin özündə də AzİNMAŞ-da şöbə müdiri vəzifəsində çalışan Rafiq Hacıyev oldu.

- Tapşırıqlarının vaxtında, dəqiq yerinə yetirilməsinə həmişə nazarət edərdi. Tapşırdığı işin yüksək səviyyədə yerinə yetirildiyini görəndə çox şad olurdu. Artur müəllim zavodda müdir olanda mən söbə müdiri işləyirdim. Nizam-intizama çox diqqət yetirirdi. Həmişə kabinetində müşavirələr keçirərdi. Saat 10 tamama təyin olunan müşavirəyə heç kəs gecikə bilməzdi. Hamı vaxtında orada olmalı idi. Müşavirəyə vaxtında gələ bilməyənlərə Artur müəllim deyirdi ki, işlərini düzgün təşkil edə bilmədikləri üçün belə bir vəziyyətə düşürlər.

Artur müəllim çox yaxşı konstruktor idi. Karandaşı götürüb, fikirlərini izah etmək üçün löhvədə çertiyojlar çəkirdi. Çox cəld işləyirdi.



Artur müəllimin də o vaxt maşını yox idi. İşə avtobus və metro ilə gələrdik. AzİNMAŞ-ın özünün də bir avtobusu var idi, adına “alabaş” deyirdilər. Daha öncələr isə 56 nömrəli avtobus bura gələrdi. O qədər dolu olardı ki, insanlar avtobusdan sallaşa-salaşa gələrdilər. Metro isə sonra açıldı.

Artur müəllimin mənə etdiyi bir yaxşılığı heç vaxt unutmamışam. Mən etiraz etdim. Amma o, yenə də mənə kömək elədi. Oğlum xəstə idi. Onun həkimi isə Saray qəsəbəsində olurdu. O vaxtı ora gedib-gəlmək çox çətin idi. Həmişə yoldaşlardan xahiş edirdim ki, maşınları ilə həftədə bir dəfə də olsa, oğlumu o həkimin qəbuluna aparım. Bir dəfə ailəliklə oturub fikirləşdik ki, çətinliklə də olsa, bir maşın alaq və uşağı özümüz həkimin yanına aparıb-gətirək, heç kəsə də əziyyət verməyək. O vaxtlar maşın almaq üçün gərək illərlə gözləyərdik. Fikirləşdik ki, mən də növbəyə yazılım. 3-4 ilə də növbə gəlib mənə çatacaq və maşını alacaqdım.



Bir gün idarəyə gəldim, maşınla bağlı ərizə yazdım. Axşam oldu. Artur müəllim birdən zəng vurdu və dedi ki, yanıma gəl. Getdim yanına. Gördüm poçtun önündə dayanıb və əlində mənim ərizəm var. Soruşdu ki, bu ərizəni niyə yazmısan? Dedim, Artur müəllim, övladım xəstədir onu tez-tez Saray qəsəbəsinə həkimin yanına aparmaq üçün mənə maşın lazımdır. Hər dəfə dostlardan xahiş edə bilmirəm. Ona görə yazdım ki, nə vaxtsa növbəm çatsa, mən də maşın alaram və oğlumu da həkimə özüm aparıb-gətirərəm.

O, sakitcə qulaq asdı və qayıtdı ki, “Məndə bir maşın var, özü də VAZ 2106-dır. Onu sənə verirəm”. Artur müəllimə dedim ki, lazım deyil, camaat maşın gözləyir, onların növbəsini pozmayım; yoxsa hay-küy qaldıracaqlar, anonim məktublar yazacaqlar. Dedi ki, mən heç kəsdən qorxmuram, müdir kimi bunu etməyə ixtiyarım çatır və növbədən kənar həmin maşını sizə verirəm. Bir neçə gün sonra həmin maşını mənim adıma yazdılar. Artur müəllimin bu yaxşılığını heç vaxt unutmayacağam. O, mənim oğlumu xilas etdi.

Hafiz Əhmədov
Fotolar: Hafiz Əhmədov, Turan Ramazanlı

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti