Prezidentin tapşırığına reaksiya: Baş Prokurorluqda müşavirə keçirildi

Prezidentin tapşırığına reaksiya: Baş Prokurorluqda müşavirə keçirildi
  14 Oktyabr 2015    Oxunub:3050
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il oktyabrın 12-də keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası məqsədilə Baş prokuror Zakir Qaralovun sədrliyilə oktyabrın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qurumun fəaliyyətinin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması ilə əlaqədar geniş əməliyyat müşavirəsi keçirilib.

Qurumdan AzVision.az-a verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Baş prokuror dövlət başçısı cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqiyə və xalqın rifahının yüksəldilməsinə nail olunduğunu, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafına yönəlmiş islahatların, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərinin inamla həyata keçirildiyini diqqətə çatdırıb.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olmasını vurğulayan Baş prokuror bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərliliyinin daha da artırılmasının vacibliyini xüsusi qeyd edib, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas zamanı dövlət başçısının korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin daha da artırılması, bu sahədə sistem xarakterli islahatların davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin israf edilməsinin qarşısının alınması, həmçinin maliyyə və iqtisadi sahədə şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması barədə çıxışından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən konkret vəzifələrin icrası tələb edilib.

Müşavirədə məruzə ilə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarənin cari ilin 9 ayı ərzindəki fəaliyyətini təhlil edib, bu müddət ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 5108 müraciətin daxil olduğunu, həmin müraciətlərin əsasən nəqliyyat, tikinti və bank sektoru sahələrini əhatə etdiyini, həmçinin 224 şəxs barəsində 146 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərildiyini bildirmişdir. Həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israf etmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Əməliyyat müşavirəsində müvafiq idarələrin rəisləri hesabatla çıxış edərək korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılması ilə əlaqədar təkliflərini irəli sürüblər.

Müşavirədə dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilmiş, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müvafiq işçi qrupların yaradılması, eyni zamanda müxtəlif sahələrdə mütəşəkkil və sistemli xarakter almış korrupsiya cinayətləri törətməkdə olan cinayətkar şəbəkələrin ifşa edilməklə üzvlərinin məsuliyyətə cəlb edilməsi barədə qanunla nəzərdə tutulmuş cinayət təqibi tədbirlərinin qısa müddət ərzində həyata keçirilməsi qərara alınıb.

Bundan başqa, korrupsiyaya qarşı mübarizədə inzibati və cəza tədbirləri ilə yanaşı vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində aktivliyinin artırılması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə konkret tapşırıqlar verilib.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi göstərişlərin səmərəli və keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Baş prokuror tərəfindən Bakı şəhəri, bütün rayon (şəhər) və ərazi hərbi prokurorlarına korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin və digər dövlət qurumları tərəfindən belə hallara yol verilməsinin qarşısının qəti şəkildə alınması üçün kəsərli təsir tədbirlərinin görülməsi, sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə daxil olmuş müraciətlərin dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə olunması, habelə tabe prokurorların və bütün prokurorluq əməkdaşlarının fərdi məsuliyyət hissinin artırılması ilə əlaqədar rəsmi göstəriş verilib.


Teqlər:  





Xəbər lenti