“Milli parklarımızın sayı 9-a çatdırılıb”

 “Milli parklarımızın sayı 9-a çatdırılıb”
  19 İyun 2013    Oxunub:1340
“Son 5 ildə 2,8 min hektar ərazidə 3 milyondan artıq ağac və kol bitkiləri əkilib”.
Bunu Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının ikinci günündə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib. O qeyd edib ki, Abşeron yarımadasının çirklənmiş torpaqlarının təmzilənməsi istiqamətində də müvafiq işlər görülüb. Nazir müavinin sözlərinə görə, köhnə neft mədənlərinin ərazisində 1200 hektardan artıq neftlə çirklənmiş torpaqlar rekultivasiya olunub və hazırda ərazidə abadlaşdırma işləri aparılır: “Bundan başqa, Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan və fəaliyyəti dayandırılmış Səthi Aktiv Maddələr Zavounun 95,7 min kubmetr civə tərkibli toksiki və digər sənaye tullantıları şəhər yaxınlığında yaradılmış təhlükəli tullantılar poliqonuna daşınıb. Ötən ilin sonunadək həmin ərazidə ümumilkdə 121 min kubmetr ərazinin zərərsizləşdirilməsi təmin edilib, torpaq örtüyü təmizlənib.

Rauf Hacıyevin sözlərinə görə, son 15 ildə Azərbaycanda meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara çatdırılıb :“Azərbaycanda biomüxtəlifliyin qorunması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində işlər görülüb. Belə ki, 2003-2012-ci illər respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 478 min hektardan 892 min hektara çatdırılıb ki, bu da ölkə ərazisinin təqribən 10,3%-ni təşkil edir”.

Onun sözlərinə görə, ilk dəfə olaraq ölkədə 2003-cü ildə Milli Park yaradılıb ki, hazırda onların sayı 9-a çatdırılıb. Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda 11 dövlət təbiət qoruğu və 24 yasaqlıq fəaliyyət göstərir.

O vurğulayıb ki, ölkədə meşələrin mühafizəsi, bərpası və yeni meşəliklərin salınması sahəsindəki göstəricilər də durmadan artır: “Belə ki, təkcə 2003-2012-ci illər ərzində 101 min hektar sahədə meşə-bərpa işləri aparılıb, o cümlədən yeni meşəliklər salınıb. Onun sözlərinə görə, son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara çatdırılıb ki, bu da respublikanın meşə ilə örtülü ərazilərinin 11,4 faizdən, 11,8 faizə qədər artması deməkdir”.

Nazir müavini əlavə edib ki, hazırda respublikada mövcud qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması işi gedir və bu, ölkəmiz üçün dəyərli məsələdir: “Avropa Qonşuluq Siyasəti üzrə Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı çərçivəsində həyata keçirilən “Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”nın “Ətraf mühit” bölməsinin icrası ilə bağlı müvafiq tədbirlər görülüb. Həmçinin hazırda işlənməkdə olan Azərbaycan-Avropa İttifaqı Assosiasiya Sazişinin də qanunvericiliyin təkmilləşdirilməsi və Avropaya inteqrasiya etməsi baxımından böyük əhəmiyyət kəsb edəcəyinə və böyük imkanlar açacağına inanırıq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti