“Zorakılıq halları üzrə monitorinq sistemi yaradılacaq”

“Zorakılıq halları üzrə monitorinq sistemi yaradılacaq”
  19 İyun 2013    Oxunub:1449
“Hazırda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28%-ə, qadın sahibkarların sayı isə 17% -ə çatıb”.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

“Bədən tərbiyəsi idmanla məşğul olanların 40%-i qadınlardır. Milli Məclisdə qadınların təmsilçiliyi 16 %-ə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və 27% olub. 35 icra hakimiyyəti başçısının müavini qadındır. Azərbaycanda parlament sədrinin 3 müavinindən 1-i, 1 dövlət komitəsinin sədri, Auditorlar Palatasının 3 müavinindən 1-i, 1 dövlət komisisyasının sədri, 3 nazir müavini qadındır. İnsan Hüquqları üzrə Müvəkkil, Naxçıvanın Nazirlər Kabinetinin sədr müavini, Konstitusiya Məhkəməsinin sədr müavini qadındır”.
AQUPDK sədri bildirib ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. H.Hüseynova qeyd edib ki, onlardan da 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlardır.

“Bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini itirməsi, talelərinin qırılması problemi durur. Həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi dövlətin əsas məqsədlərindəndir. Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışmalar və s. var. Qaçqın və məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir”.

Sədr bildirib ki, Azərbaycanda məişət zorakılığına məruz qalmış şəxslər və zorakılığı törədən insanlarla aparılan işin keyfiyyətini artırmaq və ilkin müdaxilə etmək üçün sığınacaq mərkəzlərinin sayının artırılması və peşəkar xidmətin yüksəldilməsinə ehtiyac var:

“Həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nigah halları üzrə monitorinq sistemi yaradılacaq. Aktual məsələlərdən biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə elmi tədqiqat institutunun yaradılmasıdır. Komitədə “İnformasiya və analitik araşdırmalar” şöbəsi fəaliyyət göstərir. Lakin bu sahədə problemləri araşdırmaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Elmi Tədqiqat institunun yaradılması daha məqsədə uyğundur. Azərbaycanda dövlət tərəfindən Ailə institunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu gələcək də davam etdiriləcək”-deyə H.Hüseynova vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti