Azərbaycanda 2 başlı, 4 ayaqlı, gözsüz doğulan uşaqlar...

Azərbaycanda 2 başlı, 4 ayaqlı, gözsüz doğulan uşaqlar...
  17 Oktyabr 2015    Oxunub:20825
Son illər ölkəmizdə anomaliya ilə dünyaya gələn körpələrin sayında azalma müşahidə olunur.

Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkə üzrə son 10 ildə 1606393 nəfər körpə doğulub və Səhiyyə Nazirliyinin məlumatına əsasən doğulanlardan 5575 nəfəri anadangəlmə anomaliya xəstəliyi ilə dünyaya gəlib.

2014-cü ildə bu xəstəliklə doğulanların sayı 2013-cü ilə nisbətən 0,8 faiz azalaraq 519 nəfər olub.

R. Süleymanov onu da bildirib ki, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları sinfinə sinir sisteminin, göz, qulaq, üz və boynun, qan dövranı sisteminin, tənəffüs orqanlarının, həzm orqanlarının, cinsiyyət orqanlarının, sidik-ifrazat sisteminin, sümük-əzələ sisteminin anadangəlmə anomaliyaları və deformasiyaları, dodaq və damağın yarığı (dovşan dodaq və qurd ağzı), digər anadangəlmə anomaliyalardan və başqa qruplarda təsnif olunmayan xromosom pozuntuları qrupları daxildir.

Uşaqların bu kimi anomaliyalarla dünyaya gəlməsini mütəxəssislər qidalanma, irsi amillər və ekoloji problemlərlə əlaqələndirsələr də müxtəlif xəstəliklər, həkim məsləhəti olmadan bəzi preparatların qəbulu, alkoqolizm, narkomaniya da qüsurlu uşaqların anadan olmasına səbəb olur.

Ekspertlər deyir ki, bu dəhşətli faktın baş verməsinə səbəb qadının səhv müalicə almasıdır. Həkimlərin də böyük əksəriyyətinin dediyinə görə, son vaxtlar yayılmış təhlükəli viruslara qarşı ginekoloqların səhvən təyin etdikləri bir çox dərman da dölün qüsurlu formalaşmasına səbəb olur. Xüsusən də ilk üç ay dərman preparatlarının qəbulu arzuolunmazdır. Çünki bu dövrdə uşağın orqan və sistemlərinin formalaşması baş verir.

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, Azərbaycanda gedən hamiləliklərin 80% pataloji hamiləliklərdir. Onun sözlərinə görə, son illər qohum nigahlarının sayının artması da nəslin cırlaşmasına və xəstə genlərin dominant olmasına gətirib çıxarır: “Bunun bir çox səbəbi var. İlkin diaqnostikanın yetərli olmaması, hamiləliyin düzgün aparılmaması, qidalanma faktorunun doğru olmaması, cinsi yolla keçən infeksiyaların sayının artması, ekoloji amillər əsas səbəblərdəndir. Bütün bunlar eybəcər uşaqların doğulmasına səbəb olur. Həm inkişaf qüsurları, həm skelet-anomaliyalar artır”.

Həkimin fikrincə, genetik modifikisiya olunmuş (GMO) məhsullardan istifadə olunması da bu anomaliyalara səbəb olur: “Biz tamamilə yeni qidalanma sisteminə keçmişik. Ölkəyə daxil olan ərzaqların böyük əksəriyyəti Genetik Modifikasiya Olunmuş məhsullardır. Qidalanma tərzində xeyli fərqlər var. Azərbaycandakı ərzaq və dərman məhsullarının çoxu keyfiyyət sarıdan aşağı səviyyəlidir. Onların tərkibindəki qida əlavələrinin çoxu orqanizmə zərərlidir. Bütün bu kimi faktorlar birləşib anormal uşaqların doğumuna sözsüz ki, təsir göstərir”.

Respublikanın baş pediatırı Nəsib Quliyev isə hesab edir ki, anomaliyaların konkret səbəbi bəlli deyil. Üzv və toxumaların rüşeymi qoyulanda inkişaf qüsurları görünə bilər.

N.Quliyevin sözlərinə görə, anomaliyalar bətndaxili inkişafın başqa dövründə də ortaya çıxa bilər.

Baş pediatr hesab edir ki, irsi qan xəstəliklərini çıxmaqla qohum nikahlarının sayı artdıqca bu kimi anomaliyalar da çoxalacaq: “İnkişaf qüsurları dünyanın hər yerində görünür. Azərbaycan inkişaf qüsurlarının görünməsinə görə, xüsusiyyət təşkil etmir. Qohum nikahların bağlanması bu kimi halların sayını artırır. Dəfələrlə qohum nikahlarına qarşı xəbərdarlıqlar olunsa da gənclər məhəbbəti önə çəkirlər. Ona görə də belə hallar artır.

Təcrübəmdə belə hallara rast gəlmişəm. Amma onu da deyim ki, bu kimi hallar tez-tez rastlanan bir durum da deyil. “Epiqastral heteropaqus” adlanan bu hal assimetrik birləşmiş əkizlərdir ki, bu zaman parazit döl autozit dölün qarnına yapışmış vəziyyətdə olur. Bu hala yeni doğulmuş 1 milyon körpə arasında 1-2 dəfə rast gəlinir. “Epiqastral heteropaqus” parazit dölün ən az rast gəlinən formasıdır. Dünya təbabətində indiyədək 44 belə hal qeydə alınıb”.

Onu da qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, dəhşətli dərəcədə anormal doğulan uşaqların bir çoxu elə doğum otağında məhv edilərək cəmiyyətdən gizlədilir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti