Eldar Mahmudov işdən çıxarıldı - Sərəncam

Eldar Mahmudov işdən çıxarıldı - Sərəncam
  18 Oktyabr 2015    Oxunub:23131
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Qeyd edək ki, E.Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib.

Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.

1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib. 1993 - 2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat - Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib.

2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə E.Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib. Prezidentin 16 mart 2005-ci il tarixli sərəncamı ilə Eldar Mahmudova general-leytenant, 27 mart 2014-ci il tarixli sərəncamla isə general-polkovnik hərbi rütbəsi verilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti