BMT nümayəndələri İqtisadi İnkişaf Nazirliyində olub

BMT nümayəndələri İqtisadi İnkişaf Nazirliyində olub
  19 İyun 2013    Oxunub:1283
İyunun 18-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 67-ci sessiyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən iri layihələr barədə geniş məlumat verib.

Qeyd edilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısıdır.

Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir. Bununla belə, regionun potensialının tam reallaşdırılmasına ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir və BMT problemin tezliklə beynəlxalq hüquq normalarına uyğun həlli, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası üçün səylərini artırmalıdır.

Baş Məclisin 67-ci sessiyasının prezidenti Vuk Yeremiç Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı rolunu yüksək qiymətləndirib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti