`İlham Əliyev bu qərarla rüşvətin kökünü kəsdi` - ŞƏRH

`İlham Əliyev bu qərarla rüşvətin kökünü kəsdi` - ŞƏRH
  20 Oktyabr 2015    Oxunub:58916
Milli Məclisin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq.

Eyni zamanda, Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayı miniuma endiriləcək, lisenziya verilməsi qaydaları sadələşdiriləcək və şəffaflıq təmin ediləcək, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində veriləcək.

Prezident İlham Əliyevin bu qərarı müsbət qarşılandı.

Politoloq Qabil Hüseynli, AzVision.az-a açıqlamasında bildirib ki, prezidentin bu qərarı bürokratları mühüm bir mənbədən məhrum edəcək.



Onun sözlərinə görə, lisenziyaların “ASAN Xidmət”ə verilməsi rüşvət alanları bu imkandan məhrum edəcək. Q.Hüseynli hesab edir ki, sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması mühüm əhəmiyyətə malikdir: “Mağaza və dükanları, müxtəlif istehsal sahələrini yoxlayan həddindən artıq çoxlu briqadaları ortaya çıxıb. Təbii ki, onlar həmin sahibkarları işləməyə qoymurdular, onların işinə əngəl olurdular, açıq-aşkar “haqq” qoyurdular, rüşvət alırdılar. Bunun nəticəsində sahibkarlar heç nə qazana bilmirdilər.

Yoxlamaların dayandırılması kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Çünki ölkədə sahibkarlıq subyektlərində ciddi təlaş var. Onlar da bütün dünyada baş verən qlobal böhrandan təsirləniblər və gələcəkləri üçün ciddi narahatlıq keçirirlər. Prezidentin bu sərəncamı kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar açacaq”.

Politoloq əlavə edib ki, yeni qərar ölkədə baş verən ən ciddi reformalardan biridir. Onun fikrincə, bu iqtisadi reforma sahibkarlığın inkişafında əsaslı dönüş yaradacaq.

“Bununla yoxlamaların dayandırılması vaxt itkisinin qarşısını alacaq, həmçinin sahibkarların bir neçə yerə verdiyi “haqq” dayanacaq”.

Müsahibimiz onu da vurğulayıb ki, sahibkarların götürdüyü yerə görə ödədiyi icarə haqqı da aşağı düşəcək: “Sahibkar müəyyən qədər qazana bilmirdi və ya qazandığının böyük hissəsini ora-bura dağıdırdı, ancaq indi bu qazancın yarısı özündə qalacaq. Sahibkarın öz sahəsini inkişaf etdirməsi üçün əlində mayası olacaq. Beləliklə, dükan və mağazaların dağıdılmasına cəhd olunmayacaq. Onlar öz istehsal, satış, ticarət sahəsini davam etdirəcəklər. Bir sözlə, qəbul olunan qərarlar sahibkarlar, eləcə də alıcılar arasında olan panikanı aradan qaldıracaq. Çünki bu sərəncam qiymətlərə də təsir edəcək və insanlar əlində olan pulları dövriyyəyə buraxmağa qorxmayacaqlar”.



Siyasi ekspert Fikrət Sadıqov isə hesab edir ki, prezident Nazirlər Kabinetinin iclası zamanı öz iradlarını açıq şəkildə bildirməklə sahibkarlığa dəstək verdiyini bildirdi.

F.Sadıqovun sözlərinə görə, prezidentin bu sərəncamından sonra iş adamları daha rahat, sərbəst şəraitdə fəaliyyətlə məşğul ola biləcəklər: "Prezidentin bu addımı həm də əhalinin xeyrinə hesablanıb. Təbii ki, bu, rüşvətxorluğun qarşısını birmənalı şəkildə alacaq. Çünki rüşvət mənbəyi bağlanır, sui-istifadə hallarının qarşısı alınır.

Lisenziyaların “ASAN Xidmət”ə verilməsi çox müsbət bir addımdır. “ASAN Xidmət” xalq arasında çox böyük nüfuza malik bir quruma çevrilib. Bu xidmət çərçivəsində müxtəlif əməliyyatlar, alqı-satqılar, sənədlərlə bağlı məsələlər əhalinin işini xeyli asanlaşdırır.

Hesab edirəm ki, lisenziyaların “ASAN Xidmət”ə verilməsi ölkədə sosial -iqtisadi inkişafa səbəb olacaq. İnsanların bu sahədə üzləşdikləri narazılıq yoxa çıxacaq. Odur ki, bu sərəncam vaxtında verilmiş bir qərar oldu”,-deyə Fikrət Sadıqov bildirib.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti