Mədət Quliyev kimdir? - ARAYIŞ

Mədət Quliyev kimdir? - ARAYIŞ
  20 Oktyabr 2015    Oxunub:59725
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Jurnalistlərlə yaxın təmasda olan Mədət Quliyev bu təyinatadək bir sıra yüksə vəzifələrdə çalışıb. Hazırda MTN nazirinin səlahiyyətlərini icra edən Mədət Quliyev həm də Azərbaycanın Milli Qəhrəmanıdır.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq M.Quliyevin avtobioqrafiyasını oxuculara təqdim edir:

- Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. O, 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib.

1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib.

M.Quliyev 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib. Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb.

Daha sonra 1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.



Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Mədət Quliyev Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.
Prezident İlham Əliyevin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Digər bir sərəncamla ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi veriib.

Ailəlidir. İki övladı var.


AzVision.az


Teqlər:  





Xəbər lenti