ASAN Xidmət Sabirabadda

ASAN Xidmət Sabirabadda
  20 İyun 2013    Oxunub:1592
ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayıb.

AzVision.az xəbər verir ki, ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Şirvan, Sabiradad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcəkdir.
Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində isə Şirvan və Hacıqabul rayonlarının sakinləri ASAN Səyyar Xidmətlə təmin olunublar.

19 iyun - 3 iyul tarixində Sabirabad və Saatlı rayonlarının ümumi sayı 250000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Sabirabad rayonunda yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.
Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.



Teqlər:  





Xəbər lenti