Dilucu sərhəd keçid məntəqəsi açıldı

Dilucu sərhəd keçid məntəqəsi açıldı
  21 Oktyabr 2015    Oxunub:3725
Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin əsaslı yenidənqurma işlərindən sonra açılış mərasimi olub.
Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az - a verilən xəbərə görə, açılış mərasimində DGK sədrinin birinci müavini Səfər Mehdiyev, Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı, eləcə də Naxçıvan Muxtar Respublikası DGK-nin sədri Asəf Məmmədov, Türkiyənin Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, İğdır valisi Davud Hanel və digər rəsmi şəxslər iştirak ediblər.

A. Məmmədov açılış mərasimində deyib ki, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Heydər Əliyev tərəfindən Azərbaycan ilə Türkiyənin, bütövlükdə türk dünyasının birliyi və bütövlüyü naminə böyük işlər görülüb, 1992-ci il mayın 28-də Araz çayı üzərində “Ümid”, “Həsrət” və ya “Könül” körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Burada gömrük xidmətinin təşkili Azərbaycanın Naxçıvanın və Türkiyənin şərq vilayətlərinin, o cümlədən İğdırın inkişafına yol açıb.



Türkiyə ilə Azərbaycan, o cümlədən Naxçıvan arasında başqa sahələrdə olduğu kimi gömrük işi sahəsində də qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələrin mövcud olduğunu vurğulayan A. Məmmədov son illərdə münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl işlərin həyata keçirildiyini deyib.

Bildirilib ki, gömrük orqanlarımız 24 saat fəaliyyət göstərir. Sədərək-Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur.

Komitə sədrinin sözlərinə görə, hər iki tərəfdən gömrük infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər qarşılıqlı münasibətlərə verilən önəmin, ölkələrimizin inkişaf səviyyəsinin ifadəsidir.

Qeyd olunub ki, Sədərək-Dilucu sərhəd keçid qapısı həm də rifaha, inkişafa, yeni bazarlara açılan qapıdır və bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Çıxış edənlər Dilucu sərhəd keçid qapısının yenidən qurulmasının ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını, malların və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə əlavə stimul verəcəyini xüsusilə vurğulayıblar.


Teqlər:  





Xəbər lenti