Prezident önəmli görüş keçirdi
İnfrastruktur layihələrinə böyük həcmdə sərmayə yatırıldığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycanda bir neçə hava limanının inşa edildiyini, Heydər Əliyev Beynəlxalq Aeroportunun isə tamamilə yenidən qurulduğunu, çoxlu sayda yeni təyyarələrin alındığını qeyd etdi. “Azərbaycan Hava Yolları”nın dünyanın uğurla fəaliyyət göstərən şirkətlərindən biri olduğunu deyən dövlətimizin başçısı məmnunluqla vurğuladı ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada dördulduzlu 10 hava limanı arasındadır. Ölkəmizdə turizmin və biznesin inkişafı ilə əlaqədar müxtəlif regionlara daxili reyslərin açıldığını bildirən Prezident İlham Əliyev Azərbaycanın hava yükdaşımaları sahəsində də yaxşı nəticələr əldə etdiyini diqqətə çatdıraraq yerli karqo şirkətinin də dünyanın aparıcı şirkətləri arasında olduğunu dedi.
Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyətinə toxunan Prezident İlham Əliyev komitənin sədri xanım Tatyana Anodinanın Azərbaycan mülki aviasiyası ilə əməkdaşlıq işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirən Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliu bunu ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirdi.
Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi proqramlar barədə dövlətimizin başçısına məlumat verən qonaq ölkəmizin Beynəlxalq Mülki Aviasiya Təşkilatına verdiyi dəstəyi yüksək qiymətləndirərək Azərbaycanın bu qurumun əhəmiyyətli üzvü olduğunu vurğuladı.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


