Yarmarkada saxta bal satılır

Yarmarkada saxta bal satılır
  23 Oktyabr 2015    Oxunub:1671
Bakıda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasında saxta bal aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az - a bildiriblər ki, yarmarkanın mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb və sərgi-satış yarmarkasının gedişinə daim nəzarət edilir.

Əvvəlcə onu qeyd edək ki, yarmarkaya çıxarılmış bal məhsulları rayonlarda zona baytarlıq laboratoriyalarında müayinədən keçirilib, bal məhsulu olan qablar bağlanaraq möhürlənib və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlər əsasında arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarına təhvil verilib. Yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə satış salonunda və bal saxlanan anbarda müşahidə kameraları da quraşdırılıb.

Buna baxmayaraq, işçi qrupu tərəfindən yarmarkada satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kiloqramdan artıq olan 13 ədəd balla dolu bidonun oktyabrın 21-də yarmarkaya keçirilməsi faktı aşkarlanıb. Yeddi arıçıya aid balla dolu bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıblar.

Qeyd edək ki, oktyabrın 10-dan noyabrın 10-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir. Sərgi-satış yarmarkasında respublikanın əksər rayonlarından gəlmiş arıçılar iştirak edirlər. Builki yarmarkada xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar.


Teqlər:  



Xəbər lenti