Ölkəmiz Avropa İttifaqının mükafatına layiq görülüb

Ölkəmiz Avropa İttifaqının mükafatına layiq görülüb
  20 İyun 2013    Oxunub:1177
Avropa Parlamentində Avropa İttifaqı və Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondunun birgə təsis etdikləri mükafatların təntənəli təqdimat mərasimi keçirilib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə Avropa İttifaqının müxtəlif institutları, NATO, Belçikada akkreditə olunmuş diplomatik korpus, müxtəlif qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini təmsil edən qonaqlar iştirak edib.

Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondunun Prezidenti Akkan Suvar çıxış edərək, Fondun yaranma tarixi, fəaliyyəti, əhatə etdiyi sahələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikası Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondunun beynəlxalq sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoqun təşviqi sahələrində əldə edilmiş tərəqqiyə verdiyi tövhəyə və enerji ehtiyatları sahəsində əsas investisiyalar da daxil olmaqla, yeni strateji regional enerji koridorlarının inkişaf etdirilməsində fəal roluna görə Fondun 2012-ci il üzrə mükafatına layiq görülüb.

Azərbaycan Respublikasına verilmiş bu mükafat Avropa İttifaqının məsul əməkdaşı tərəfindən Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərova təqdim edilib.

Səfir Fuad İsgəndərov Fondun rəhbərliyinə Azərbaycan Respublikasının belə mühüm bir nominasiyada mükafata layiq görüldüyünə görə öz təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının BMT TŞ-nın qeyri-daimi üzvü qismində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, eyni zamanda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində atdığı addımlarlardan bəhs etmiş, ölkəmizin regional əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb.

Mərasimdə müxtəlif nominasiyalar üzrə Gürcüstan, Moldova, Monteneqro, Rumıniya və Türkiyə təmsilçilərinə də mukafatlar təqdim edilib.

Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondu 2009-cu ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Respublikasının Prezidenti Trayan Baseskunun təşəbbüsü əsasında yaradılmış qeyri-hökumət təşkilatıdır. Fond özündə 19 ölkənin tanınmış siyasətçilərini, elm adamlarını və diplomatlarını özündə cəmləşdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti