Quş qripi ilə bağlı yoxlamalar başlanır

Quş qripi ilə bağlı yoxlamalar başlanır
  26 Oktyabr 2015    Oxunub:1377
Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.

Xidmətdən AzVision.az-a daxil olan xəbərdə bildirilir ki, köçəri quşların payız miqrasiyası nəzərə alınaraq noyabrın 2-də növbəti monitorinqə start veriləcək. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək bütün nümunələr (qan və patoloji materiallar) Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr noyabrın13-də ictimaiyyət üçün açıqlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.


Teqlər:



Xəbər lenti