Mikayıl Cabbarov məzunların forumunda

Mikayıl Cabbarov məzunların forumunda
  20 İyun 2013    Oxunub:1173
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iyunun 20-də ABŞ təhsilli məzunların 2-ci Təhsil Forumunda iştirak edib.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Təhsildə İnnovasiyalar Mərkəzi və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi tərəfindən təşkil edilib və “Azərbaycan təhsil sistemində islahatlar: problemlər və siyasət həlləri” mövzusunda keçirilən tədbirdə Mikayıl Cabbarov çıxış edib. Nazir hazırda ölkədə təhsil sahəsində həyata keçirilən islahatların dövlət orqanlarının, pedaqoji və elmi ictimaiyyətin və ümumiyyətlə cəmiyyətin birgə çalışmasını tələb etdiyini vurğulayaraq, bu baxımdan xaricdə, dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil alaraq, Vətənə qayıtmış məzunların bilik və bacarığından istifadənin əhəmiyyətini qeyd edib.

Təhsilin inkişafına ayrılan vəsaitlərin ölkə və cəmiyyətin xoşbəxt gələcəyinə qoyulmuş ən yaxşı sərmayə kimi dəyərləndirən nazir, Azərbaycanın hazırda böyük sürətlə inkişaf etdiyini və bu inkişafın dəstəklənməsində, onun dönməzliyinin təmin edilməsində təhsilin rolunun əvəzedilməz olduğunu bildirmişdir. Mikayıl Cabbarov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulmuş “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının həyata keçirilməsi üçün təhsil sisteminin yeni səviyyəyə qaldırılması, onun keyfiyyət və effektivliyinin artırılmasında inkişaf etmiş ölkələrin bu sahədə olan ən yaxşı təcrübələrindən istifadənin zəruriliyi barədə danışıb.

Sonda Mikayıl Cabbarov forum iştirakçılarına işlərində uğurlar arzulamış və bu tədbirin ölkəmiz üçün həyati əhəmiyyət daşıyan təhsil sahəsinin inkişafına dəyərli töhfə verəcəyinə inamını ifadə edib.


Teqlər:  





Xəbər lenti