“Azərsu” yeni layihəyə start verdi

“Azərsu” yeni layihəyə start verdi
  20 İyun 2013    Oxunub:1287
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların fasiləsiz içməli su ilə təmin olunması, su itkilərinin və israfçılığın qarşısının alınması, uçotun düzgün qurulması məqsədilə çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması üzrə genişmiqyaslı işlərə başlayıb.
2012-ci ildə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları ərazisində həyata keçirilmiş pilot layihələrin müsbət nəticələri əsas götürülərək yeni layihələrin icrasına start verilib. Çoxmənzilli yaşayış binalarının supaylayıcı sistemlərinin tamamilə yenidən qurulmasına hesablanmış layihələr çərçivəsində ilkin mərhələdə Bakı şəhərinin rayonları, həmçinin Sumqayıt və Xırdalan şəhərində 787 binanın su təchizatı sistemlərinin yenidən qurulması nəzərdə tutulmuş və artıq 100-dən çox binada işlər başa çatdırılmış, 400-dən çoxunda isə davam etdirilir. Ümumilikdə bu layihə 60 minə yaxın mənzili əhatə edəcək. Həmin binalarda yaşayan əhalini içməli su ilə təmin edən və uzun müddətdir istismarda olan metal borulardan ibarət magistral xətlər polietilen borularla əvəzlənir. Zirzəmilərdə yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılır.
Layihəyə uyğun olaraq hər bir abunəçi ön ödənişli smart-kart sayğacla təmin olunur və sərfölçən cihazlar pilləkən qəfəslərində quraşdırılır. Sayğacların pilləkən qəfəslərinə çıxarılması onların nəzarətdə saxlanmasına imkan verir və texniki xidməti asanlaşdırır. Bunlarla yanaşı, yanğından mühafizəni asanlaşdırmaq üçün binalarına qarşısında yanğın hidrantlarının da quraşdırılması da nəzərdə tutulur. Qeyd edək ki, bu layihə çərçivəsində sayğacların quraşdırılması əhali abunəçiləri üçün dövlət vəsaiti hesabına pulsuz həyata keçirilir. Qeyri-əhali istehlakçıları isə sayğacların dəyərini ödəməlidir.

“İşlərin başa çatdığı binalar üzrə aparılan ilkin təhlillər nəticələrin müsbət olduğundan xəbər verir. Belə ki, yenidənqurma işləri nəticəsində binaların zirzəmilərinə su sızmalarının qarşısı tam alınmış, su sərfiyyatı 2 dəfəyə qədər azalmış, itkilər demək olar ki, sıfıra düşmüşdür. Eyni zamanda smart-kart tipli sayğacların quraşdırılması ilə su təchizatı və tullantı sularının axıdılmasına görə xidmət haqlarının ödənilməsi 100 faiz təmin olunmuş və debitor borcların əksər hissəsi yığılmışdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti