YAP-dan İzabel Santosun bəyanatına ETİRAZ

YAP-dan İzabel Santosun bəyanatına ETİRAZ
  27 Oktyabr 2015    Oxunub:3037
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları komitəsinin sədri İzabel Santosun Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanatına münasibət bildirib.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov AzVision.az-a açıqlamasında bildirib ki, ATƏT Parlament Assambleyasının bu qərarı qərəzli və ikili standartlardan irəli gəlir.

“Azərbaycan hökuməti Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etməsi üçün bütün Avropa qurumlarına müraciət edib. Qeyd edim ki, seçkiləri müşahidə etməsi üçün Avropa təsisatlarına, o cümlədən ATƏT Parlament Assambelyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna dəvət göndərmişik. Lakin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli bəyanatlarından sonra onlar düşünürdü ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün müraciət etməyəcək və seçkiyə müşahidəçi göndərməyəcəklər. Bu baxımdan özlərinə arxayın idilər. Lakin həm Mərkəzi Seçki Komissiyası, həm Milli Məclis bu qurumlara seçkiləri müşahidə etməsi üçün dəvət göndərdi.

Doğrudur, çoxunu dəvət etmək bizim borcumuz deyil. Çünki, Azərbaycan Avropa Şurasının üzvüdür və onun seçkinin monitorinqini aparmaq hüququ var. Digərlərinin yox. Lakin biz onları dəvət etdik. Razılıq əldə olunsa da, onlar başladılar başqa oyunlar oynamağa”.

S.Novruzov qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna Azərbaycan tərəfindən hər seçki dairəsi üzrə, yəni 125 qısa müddətli, 6 uzun müddətli müşahidəçi göndərməsi üçün dəvət göndərilib.

“Onlar isə bizim təklifimizdən sonra açıqlama verdilər ki, seçkiləri izləmək üçün 360 nəfər müşahidəçi göndərirlər. Sual olunur: Ukraynanın ərazisi, əhalisi, seçki dairələrinin, məntəqələrinin sayı Azərbaycandan çoxdur. Ukraynaya 200 civarında, yaxud Rusiyadakı seçkilərə cəmi 47 nəfər müşahidəçi göndərilir. Bizə niyə 360 müşahidəçi göndərilir?

Yaxşı, bu müşahidəçinin saxlanılmasına vəsaiti haradan alırsan? Başqa yerlərə müşahidəçi tələb olunanda deyirlər ki, vəsait çatışmır. Bəs Azərbaycana gələndə niyə vəsait artıqlaması ilə tapılır? Bəlli oldu ki, bunlar erməni lobbisinin, ermənipərəst, anti-Azərbaycan qüvvələrin işləridir”.

YAP rəsmisinin sözlərinə görə, ATƏT PA bu addımı atmaqla seçkidən öncə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq istəyir: “Onların hesabatı bizə çoxdan bəllidir. Çünki hesabatı Azərbaycan Xalq Cəbhəsi Partiyası yazıb göndərmişdi. Onlar yalnız bu partiya ilə işləyirlər və nöqtə, vergülünü belə dəyişmədən “hesabatı” dərc edirlər. Bu baxımdan Azərbaycan buna öz etirazını bildirdi və təklif olunan sayda müşahidəçi göndərməyi tələb edin. Baxmayaraq ki, onlar yoxdur, ancaq ABŞ, Kanada, Avstraliya, Pakistan, İCAPP, o cümlədən Avropa ölkələrindən 500-ə yaxın xarici, 60000 yerli müşahidəçi seçkini izləyəcək. Ona görə də kim müşahidə aparmaq istəyir buyursun”.

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları komitəsinin sədri İzabel Santos bəyanatında Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirib. O bəzi müxalifət nümayəndələrinin və QHT təmsilçilərinin həbsini siyasiləşdirərək parlament seçkilərinin şəffaf keçiriləcəyinə şübhə ilə yanaşdığını diqqətə çatdırıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti