“100 manatlıq evlər” yenidən gündəmdə

“100 manatlıq evlər” yenidən gündəmdə
  28 Oktyabr 2015    Oxunub:5976
“İpoteka kreditləri ilə bağlı sosial evlərin tikilməsi və kreditləşmənin kirayə pulu şəklində verilməsi məsələsi hələ də gündəmdədir. Dünyanın bir çox ölkələrində dövlət və bələdiyyə sosial evləri tikir, uzun müddətə kreditlə vətəndaşlara verir”.

Bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, onun təklif etdiyi “100 manatlıq ev” ideyası müəyyən sahibkarlar tərəfindən dəstəklənməkdədir: “Artıq bununla bağlı reklamlar da gedir ki, 100-150 manata kredit ödəməklə evlər verilir”.

Deputat qeyd edib ki, hazırda hökumət tərəfindən “İpoteka haqqında” qanuna baxılır və bu istiqamətdə yaranan problemlər öz həllini tapacaq.

“Ev almaq istəyənlərə müəyyən güzəştlər və imtiyazlar veriləcək. Həmçinin ölkə başçısı tərəfindən gələn il üçün ipoteka kreditləşməsinə əlavə olaraq 200 milyon manat ayrılıb. Hesab edirəm ki, bu ideya da gələn il ərzində həll ediləcək”.

Deputat hesab edir ki, onun təklif etdiyi “100 manatlıq ev”lə ipoteka məsələsi qarşıdırırlar: “Bunlar tamamilə fərqlidir. Sosial evlər dünyanın bir sıra ölkələrində geniş şəkildə tətbiq olunur və yaxşı da nəticələri var. İkinci dünya müharibəsindən sonra Almaniyadakı evlərin çoxu dağılmışdı və əhalinin çox hissəsinin ciddi mənzil problemi var idi. O zaman Almaniya bunu tətbiq etdi və qısa zamanda insanların mənzil problemini həll etdi. İsveçdə də bu geniş tətbiq olunur. Ən yaxşı təcrübələrdən Avstraliya və Sinqapuru göstərmək olar. Onlar da qısa zamanda aztəminatlı ailələrin mənzil problemini həll ediblər. Onun yaxşı bir tərəfi də ondan ibarətdir ki, hökumət sahibkarlara müəyyən dəstək göstərir ki, onlar bu evləri tiksin və bu evləri uzun müddətə vətəndaşlara kirayə versin. Bu da dövlətin büdcəsinə ağır bir yük olmasın”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti