78 milyard pulu olan milyarderin həyatı - FOTOLAR

78 milyard pulu olan milyarderin həyatı - FOTOLAR
  28 Oktyabr 2015    Oxunub:23714
Bu gün dünyanın ən varlı insanlarından olan Bill Qeytsin ad günüdür.
AzVision.az xəbər verir ki, 1955-ci ildə ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində dünyaya gələn B.Qeyts Lakasidə hazırlıq məktəbində oxuyarkən ümumi elektrik ilə əlaqədar ilk kompüter proqramını yazıb. Yazdığı bu kompüter proqramı sayəsində original adı “tic-tac-toe” olan oyunu kompüter ilə qarşılıqlı oynamaq mümkün oldu.

Bill Qeyts fərdi kompüter inqilabının ən məşhur sahibkarlarından biridir. Hələ məktəbdə oxuyarkən bəzi dərslərdə iştirak etməyən Bill hamıdan gizli kompüter otağına gedib, onlarla maraqlanarmış. Beləcə o, proqram təminatı kodeksini mükəmməl öyrənərək məhz bunun sayəsində ilk kiçik proqramını yazıb. Onun bu bacarığı ətrafındakı hər kəsi heyran qoyub.



Yayılan məlumatlara görə, Bill Qeyts ötən əsrin 70-ci illərində ilk kompüteri istehsal etmək üçün dostu ilə birlikdə öz maşınını satıb, 700 dollar da borc alıb. Beləliklə, 1200 dollara iki kompüter istehsal olunub. Cəmi 10 ildən sonra isə 2 milyard dollar gəlir əldə edilib. Hətta öz biznesini böyütmək üçün Billin yaxın dostu Poll Allenlə poker oynadığı, qazandıqları pulu kompüter avadanlıqları istehsalına yönəltdiyi barədə məlumatlar da gəzir.

Onun həyatı barədə məlumatların yer aldığı mənbələrdə 1975-ci ildə Qeytsin uşaqlıq dostu Pol Allen ilə Microsoftu formalaşdırmaq üçün Harvard Universitetini tərk etdiyi də qeyd edilir. Bununla belə, Harvard Qeytsin gələcək karyerasında mühüm rol oynayıb. Belə ki, o, məhz Harvardda Microsoftun baş icraçı direktoru Stiv Ballmerlə qarşılaşıb. Eyni zamanda, hesablama maşınları nəzəriyyəsi və sistemləri sahəsində mütəxəssis kimi məşhur olan Kristos Papadimitriou ilə də Harvardda tanış olub.

Harvardı tərk etməkdə Poll Allenlə Bill Qeytsin məqsədi fərdi kompüter bazarında proqram təminatını inkişaf etdirmək idi. Beləliklə, onlar kiçik və əzmli addımlarla uğura uzanan yolda birgə addımlayıblar.



1976-cı ildə Bill Qeyts kompüter piratçılığı ilə bağlı fikri ortaya atan ilk proqramçı okimi tarixə düşür. Yaxın dostu Pol Allenin 1976-cı ilin noyabrında MITS-i tərk edərək Microsoft komandasına qoşulması Bill üçün uğurlu başlanğıc hesab edilir. Noyabrın 26-sı isə Qeyts üçün xüsusilə önəmli bir təqvimdir. Belə ki, Nyu-Meksiko ştatının katibliyinin ofisində "Microsoft" ticarət markası kimi qeydiyyatdan keçib.

1977-ci ildə artıq Microsoft-un illik satışı 1 mln. dolları keçir.
1981-ci il iyunun 25-i Bill Qeyts Microsoft şirkətinin prezidenti və idarə heyətinin sədri, Pol Allen isə icraçı vitse-prezident vəzifəsinə təyin olunub.

1985-ci ildə Microsoft öz 10 illiyini 140 milyonluq illik gəliri ilə bayram edib.

Bill Qeyts 2000-ci ilin yanvarında Microsoft-un baş icraçı direktoru kimi istefa verir. 2008-ci ildən etibarən isə, o, kompaniyanın icraçı şəxs olmayan sədri kimi Microsoft-da qalır.

Maraqlı insan...

Bill fenomeni həm də maraqlı hadisələrlə xarakterizə edilir. Deyilənə görə, uşaqlıqda yoldaşları Bill Qeytsi "CON" (Botanik) deyə çağırırmışlar. Buna görə də Bill Windows sistemində hər hansı bir fayl, qovluğa "CON" adının qoyulmasını qadağan edib. Belə ki, bu adda hər hansı bir faylın və ya qovluğun adı dərhal dəyişir. Hazırda, hətta internet səhifələrindən belə masa üstünə şəkil və ya hansısa bir fayl endirdikdə onun adını "CON" qoymaq olmur.



Məşhur "Forbes" jurnalının hesabatlarına görə, "Microsoft" korporasiyasının yaradıcısı Bill Qeyts uzun illər ABŞ-ın ən varlı adamı kimi tanınıb. Maraqlıdır ki, şəxsiyyəti ilə daim gündəmdə olan Bill varidatına görə də, daim diqqət mərkəzindədir. Hesablamalara görə, Bill Qeyts saniyədə 250$ qazanır. O yer üzündəki hər kəsə 15$ borc versə, yenə də cibində 5 milyon $ pul qalar.

Deyilənə görə, “Microsoft”un banisi və adı kompüter erasının rəmzinə çevrilən Bill Qeyts uşaqlarına lüzum olmadan kompüterdən istifadə etməyi qadağan edib. Ottavada keçirilən kiçik işgüzar müşavirədə Qeyts deyib ki, onun uşaqlarına iş günləri 45 dəqiqə, istirahət günləri isə 1 saat “ekran vaxtı” ayrılır.

32 illik fasilə və Harvard diplomu

2007-ci ilin iyun ayında Bill Qeyts Harvard Universitetində təhsilini yarımçıq qoyandan 32 il sonra bu təhsil ocağının diplomunu alıb. Dünyanın ən məhşur universitetlərindən biri sayılan "Harvard"ın rəhbərliyi 1975-ci ildə öz istəyi ilə təhsilini yarımçıq saxlayan Bill Qeytsə göstərdiyi xidmətlərə görə diplomu vermək qərarına gəlib. Təhsilini yarımçıq saxlaması "Microsoft"un yaradıcısına 32 ilə dünyanın ən böyük şirkətini yaratmağa və planetin ən varlı adamlarının siyasında liderlik etməyə mane ola bilməyib.



O zaman vaxtının çox hissəsini kompüter otaqlarında keçirən gələcəyin milyoneri üçün təhsil çox da böyük əhəmiyyət kəsb etmirdi. Bill Qeyts dostu və biznesdə ortağı olan Poll Alenin təkidindən sonra 1975-ci ildə universteti tərk etmək qərarına gəlib.

Xeyriyyəçi Bill

Bill hər zaman səhiyyə və təhsil sahəsində xeyriyyəçi təşəbbüsləri dəstəkləyib.

Xanımı ilə birgə, "Bill and Melinda Gates Foundation" adlı yardım təşkilatı quran və səhiyyə sahəsində göstərdiyi fəaliyyətlə dünyadakı xəstə insanlara dəstək verən milyonçunun növbəti çıxışı da Afrikada qızdırma xəstəliyindən əziyyət çəkən insanlar barədə olub. Bil Qeyts Kaliforniya ştatında keçirilən "Technology Entertainment Design" konfransına əlində bir kolba ağcaqanadla gəlib. Qeyts çıxışını başa vurduqdan sonra "Bu sıxıntını sadəcə kasıb insanlar yaşamamalıdır" - deyərək qabın qapağını açıb və içindəki canlıları zala buraxıb. Bəzi konfrans iştirakçıları zalı qaçaraq tərk etsə də Qeytsin bu hərəkəti alqışla qarşılanıb.



Bill Qeyts Afrika və Hindistanda əkinçilik sektorunun inkişaf etdirilməsi üçün 120 milyon dollar pul xərcləyib. O, Efiopiya, Qana, Mozambik, Keniya, Malavi, Zambiya, Uqanda və Hindistanda və Tanzaniya kimi ölkələr bir sıra layihələr icra edir.

Qeyd edək ki, "Forbes" jurnalının son reytinq cədvəlinə görə, Bill Qeyts 78,1 milyard dollarlıq var-dövləti ilə siyahıda ikinci yeri tutub.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti