“Əhalinin həyat səviyyəsi daha da yaxşılaşacaq” - PA təmsilçisi

“Əhalinin həyat səviyyəsi daha da yaxşılaşacaq” - PA təmsilçisi
  28 Oktyabr 2015    Oxunub:4478
Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsinin fəaliyyət planına uyğun olaraq konfrans keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir.

Bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın mühüm əhəmiyyətindən bəhs edən E.Mehdiyev bildirib ki, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi pensiya islahatlarının əsas vəzifələrindən biri kimi çıxış edir: “Könüllü sosial sığortalanma əsasında əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan islahatların həyata keçirilməsi mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır. Bu isə beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edib”.

Onun sözlərinə görə, bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, toplanan vəsaitlərin və onların dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat təminat mexanizmlərinin formalaşdırılması və səmərəli idarəetmənin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi reallaşdırılmalıdır.

Daha sonra çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihənin Azərbaycanın sığorta-pensiya sahəsində aparılan islahatlara öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev çıxış edərək, ölkəmizdə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldiyini və bu sahənin mühüm istiqamətlərindən biri kimi pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında yenidən qurulduğunu qeyd edib.

Ölkəmizdə əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev öz çıxışında işçilərin əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin daha səmərəli şəkildə qurulmasına, onların gələcək sosial təminat hüququnun dolğun şəkildə reallaşmasına yönələn islahatlardan ətraflı bəhs edib.

Sonra layihə rəhbərləri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və Almaniyanın Əmək və sosial işlər Nazirliyinin nümayəndəsi Natali Belorgey çıxış edərək layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Tədbirin davamında Almaniyanın, Latviyanın ekspertləri Avropada mövcud olan əmək pensiyasının yığım hissəsinin tətbiqinin hüquqi aspektlərinə toxunublar. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti