`Zəng edirlər ki, böyrəyimi satıram...` - Müsahibə

`Zəng edirlər ki, böyrəyimi satıram...` - Müsahibə
  28 Oktyabr 2015    Oxunub:10907
Bir neçə gün öncə Rusiyanın Kanal 17 televiziyası orqan ticarəti ilə bağlı maraqlı araşdırma təqdim etdi. Dəhşət doğuracaq məqamlardan biri də, deyilənə görə çıxarılan orqanların bir qisminin guya Azərbaycana gətirilməsi və satılmasıdır.

Son günlər Bakının mərkəzi yerlərində böyrək satışı ilə bağlı elanların vurulması da Azərbaycanda orqan satışı ilə bağlı “qara bazarın”olmasına dair suallar yaradır.

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov AzVision.az-a müsahibəsində orqan alveri ilə bağlı maraqlı məqamlara toxunub:

- Bildiyimiz kimi Rusiyanın Kanal 17 televiziyası Ukraynadan Azərbaycana orqan gətirilməsi ilə bağlı araşdırma aparıb. İlk öncə bu suala cavab vermənizi istərdik, Azərbaycana hansı ölkələrdən orqan gətirilir?

-Orqanı burdan çıxarıb, digər yerə aparmaq sadə iş deyil. Bir ölkədən o birinə yox, Azərbaycanın bir başından o biri başına aparmaq üçün çox təcrübəli mütəxəssis lazımdır. Orqanı konservasiya etmək imkanları, transplantasiya üçün müvafiq qurumlar olmalıdır. Bildiyim və gördüyüm çərçivədə Azərbaycanda bu cür əməliyyat etmək çox böyük risk tələb edir. Kim bu riskə gedirsə, onu sadəcə səfeh adlandıra bilərəm. Bu çox ciddi məsələdir. Odur ki, ölkəyə orqan gətirilməsindən və çıxarılmasından söhbət gedə bilməz.

-Orqanlar arasında daha çox böyrək köçürmə əməliyyatları yerinə yetirilir. Niyə daha çox bu orqana təlabat var ?

- Böyrəklərin funksiyası pozulan zaman insanın yaşama imkanı məhdudlaşır. Böyrəklər omestaza cavab vermir. Böyrəklər orqanizmin balansını saxlayan orqandır və onun funksiyasının pozulması dərhal insanı həyatla ölmün sərhəddinə gətirib çıxarır. Daxili orqanlardan ilk transplantasiyaya məruz qalan məhz böyrəklər olub. Bu da səbəbsiz deyil. Çünki böyrəklər daha mobildir və onun damarlarının texniki cəhətdən əldə oluna bilməsidir.

-Son illər böyrək köçürmə əməliyyatlarında cins balansı necədir? Bu əməliyyat üçün daha çox qadınlar, yoxsa kişilər müraciət etdirir?

- Terminal böyrək çatışmazlığı olan xəstələrin qadın və kişilərə bölgüsündə böyük bir fərq yoxdur. Demək olar ki, qadınlarla kişilər bərabərdir. Böyrəyini bağışlamağa gəlincə isə, qadınlar daha çox fədakarlıq edirlər.

-Təcrübənizdə qadının və ya kişinin öz orqanını həyat yoldaşına bağışladığını görmüsünüzmü?

-Bəli. Dəfələrlə belə xəstələrimiz olub.İmmunaloji müayinədə uyğunluq olanlarını transplantasiya etmişik. Bu günə kimi 3 belə xəstəmiz olub.



-Hansı yaşa kimi böyrək köçürmə əməliyyatı etmək mümüknüdür?

-Texniki cəhətdən böyrəyi köçürməkdə heç bir problem yoxdur. Sadəcə yaşlı şəxsə böyrək köçürmədə müəyyən problemlər yaşanır. Çünki yaşlı insanlarda damarlarda bərkimə, damar divarlarında qalınlaşma baş verir. Köçürülən böyrək damarının mənfəzi kiçik olur. Əməliyyatdan sonrakı vaxtlar böyrəyin yaşama dövründə də fərq olur. Yaşlı adamdan köçürülən böyrək çox az yaşayır. Bundan başqa 60-70 yaşındakı insana böyrək köçürülməsi istənilir. Bu yaşdakı insanların da əməliyyat keçirməsi risklidir. 70 yaşlı ateresklerozlu dəyşiklikləri olan şəxsdə əməliyyat zamanı fəsadların olması daha çoxdur. Yaşlı bir adamın həyatını 5 il uzatmaq üçün onun 30 yaşlı cavan bir qohumunun orqanını götürüb onu bir böyrəklə yaşamağa məcbur etmək nə dərəcədə doğrudur ?

-Böyrək köçürmə əməliyyatında ən yaşlı pasiyentiniz neçə yaşında olub?

-62 yaşında bir qadına 50 yaşılı bacısı öz böyrəyini verib.

- Orqan köçürdüyünüz xəstələr daha sonra nəzərətdə saxlanılırmı?

- Transplantasiya olunmuş xəstələr ömrü boyu immunosuprestant preparatları almalıdırlar. Orqanizmin immunitetini daima zəiflətmək lazımdır ki, qəbul etdiyi yad orqanı yad kimi qəbul etməsin.

-Belə əməliyyatlarda ölüm halları da baş verir. Bəs böyrək köçürülmə əməliyyatında ölüm riski nə qədərdir?

-Müəyyən statistika var: böyrək köçürmə əməliyyatı zamanı və ondan sonrakı 1 həftə ərzindəki ölüm faizi, əməliyyatdan sonrakı 3 aydakı ölüm faizi. Bu satatistika özü də iki hissəyə bölünür: canlıdan köçürülən böyrək köçürülməsi, meyitdən böyrək köçürülməsi. Əməliyyatdan dərhal sonra ölüm halları 1 %, üç ay ərzində 2-3 % olur. Canlıdan böyrək köçürülməsi zamanı ilk üç ildə yaşama ehtimalı 97%-dir.

- Azərbaycanda necə, meyitdən orqan köçürülməsi həyata keçirilibmi?

- Azərbaycanda ilk dəfə böyrək köçürmə əməliyyatını 1971-ci ilin yanvar ayında Mirməmməd Cavadzadə həyata keçirib. 1971-ci ildən 1986-ci ilə qədər 30 böyrək köçürmə əməliyyatı həyata keçirilib. Bu əməliyyatların demək olar ki, yarısı meyitdən köçürülən orqanlar olub. Sovet dövründən sonra maddi imkanların məhdudlaşması, təminatın çətinləşməsinə görə bu əməliyyatlar dayandırıldı. Çağdaş transpalatogiyada meyitdən orqan köçürülməsi olmayıb.



-Səbəb nədir?

- Çünki 1970-80-ci illərdə baş verən orqan köçürmələri haradasa partizanlıq şəraitində baş verirdi. Bütün parametləri nəzərə alan bir qanunvericilik olmayıb. Sovetlər dövründə deyirdilər gedin edin, digər məsələləri isə administaritiv yolla həll edirdilər. Amma indi hüquqi dövlətdə yaşayırıq. Hər şey hüquqla tənzimlənməlidir. Düzdür, prezidentin əmri ilə “Orqan Transplantasiyası haqqında” dövlət qanunu var. Amma bu qanunu xırdalığına kimi araşdırsaq çox sadə olmayan məsələlər var.

Meyitdən orqan götümək dedikdə adətən insanlar nədən söhbət getdiyini bilmirlər. Elə zənn edirlər ki, insan öldürsə, onu yudular və sonrada onun orqanlarını götürmək olar. Meyitdən orqan götürülməsi təcrübəsinə görə, tam sağlam adam avtomobil qəzasında və ya başqa qəzalarda ağır kəllə-beyin travması alıbsa, “beyin ölümü” baş veribsə və xəstəxanaya çatdırılıb digər orqanların fəaliyyətini saxlamaq mümkündürsə, o zaman onun orqanından istifadə etmək mümkündür. Bu zaman isə onun yaxın qohumlarının razılığı alınmalıdır. Ölüm vəziyyətində olan şəxs ölən an onun orqanı götürülə bilər. Burada 3-5 dəqiqədən söhbət gedir. Həmin vaxt keçdisə artıq onun orqanı heç kimə lazım deyil.

- Bir müddət əvvəl Bakının mərkəzi yerlərində böyrək satışı ilə bağlı elanlar vurulmuşdu. Hətta telefon nömrələri də göstərilmişdi. Sizə bu cür müraciətlər olurmu?

- Bizə də belə müraciətlər daxil olur. Kifayət qədər belə adam var. Hətta mənə zəng edirlər ki, böyrəyimi satıram. Mən onlara bir sözlə cavab verirəm. “Bir də bura gəlmə”. Çox ağılsız bir hərəkətdir. Belə insanlar mənim üçün potensial cinayətkardır. Onlar öz orqanlarını satmaq üçün məni vasitəçi etmək istəyirlər.

- Çox vaxt bomj və kimsəsiz insanların orqanlarından istifadə olunması ilə bağlı xəbərlər yayılır. Belə hallar olurmu?

- Bu insanların orqanları heç kimə lazım deyil. Çünki həmin şəxslərin hamısı xəstəlikdən dünyasını dəyişir. Xəstəlikdən ölən insanın orqanından isə istifadə etmək mümkün deyil. Sağlam olub qəfil ölüm halı baş verirsə yenə də heç kim çatdırıb o şəxsin orqanını götürə bilməz. Çünki orada dəqiqə söhbəti var.



Gültəkin Ələsgər
Foto: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti