Seçkiləri 501 beynəlxalq müşahidəçi izləyəcək

Seçkiləri 501 beynəlxalq müşahidəçi izləyəcək
  29 Oktyabr 2015    Oxunub:1650
Mərkəzi Seçki Komissiyanın (MSK) növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi Vətəndaş və İnkişaf Partiyasının təşəbbüsü ilə irəli sürülən Əli Əliyev (partiya sədri), öz təşəbbüsü ilə namizədliyini irəli sürən Ramin Rüstəmov və digər qeydə alınmış namizədlər deputatlığa namizəd Ülvi Quliyevin qanunsuz təşviqat aparması ilə bağlı MSK-ya şikayət ediblər.

2 saylı Tibb Kollecində görüşün keçirilməsinin təsdiqini tapmadığını, poçt şöbəsindən DSK-nın qərarı ilə namizədin şəklinin götürüldüyünü nəzərə çatdıran A. Muxtarova deyib ki, buna görə də Ə. Əliyev və digər deputatlığa namizədlərin Ü. Quliyevin namizədliyinin ləğv edilməsi barədə müraciətini əsassız sayıb. MSK məsələni səsverməyə çıxarıb və müraciət qəbul edilməyib.

MSK üzvü Bəxşeyiş Əsgərov isə digər şikayətlərlə bağlı məlumat verib. O, qeyd edib ki, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Yusif Sultanov Dairə Seçki Komissiyasının onun namizədliyini qeydə almaması ilə bağlı qərarını mübahisələndirib. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun DSK-ya təqdim etdiyi imzalar deputatlığa namizədliyin qeydə alınması üçün yetərli deyil. Y.Sultanov həmçinin maliyyə hesabatını təqdim etməyib. Bütün bunları əsas götürərək onun namizədliyi qeydə alınmayıb.

Daha sonra çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, seçkilərdə müşahidə aparmaq üçün 66 min müşahidəçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, indiyə qədər MSK-da ölkə üzrə seçkilərin müşahidə edilməsi ilə bağlı 2619, dairə seçki komissiyalarında dairə üzrə seçkilərin müşahidə edilməsi üçün 63 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib.

Beynəlxalq müşahidəçilərin sayına gəldikdə isə 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib.


Teqlər:





Xəbər lenti