Müsavat seçkidən imtina etmək istədi, MSK qoymadı

Müsavat seçkidən imtina etmək istədi, MSK qoymadı
  29 Oktyabr 2015    Oxunub:3078
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtinası ilə bağlı MSK-ya etdiyi müraciətə baxılıb.
AzVision.az xəbər verir ki, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı partiyanın noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak etməkdən imtina etməsi ilə bağlı MSK-ya müraciət edib. Müsavat Partiyası müraciətində Milli Məclisə seçkilərin 4 ay təxirə salınmasını və MSK-dan partiyanın deputatlığa namizədlərinin namizədliklərini geri götürmək üçün DSK-lara müvafiq tapşırıq verilməsini, bu məsələdə köməklik göstərilməsini istəyib.

N.Məmmədov bildirib ki, seçki qanunvericiliyində indiki halda seçkilərin təxirə salınması nəzərdə tutulmayıb. Yəni seçkilərdə alternativlik olmazsa, bu, baş verə bilər: “Seçkilərdə iştirakdan imtina ilə bağlı isə səsvermə gününə 10 gün qalmış müraciət olunmalıdır. Müsavat Partiyasının addımları isə qanunvericiliyə ziddir. Burada seçkilərə aid məsələlər çox azdır. Ona görə də müraciət təmin edilə bilməz. Burada heç bir hüquqi əsas yoxdur. Bundan bir çıxış yolu tapılmalıdır”.

N. Məmmədov qeyd edib ki, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə partiya seçkidə iştirakını dayandırsaydı, bunu başa düşmək olardı: “MSK mövqeyini bildirməlidir ki, Müsavat Partiyasının bu addımının hüquqi əsası yoxdur, Müsavat Partiyasının namizədləri seçkilərdə iştirak edirlər. Bununla bağlı MSK-nın yazılı bəyanatı olmalıdır”.

MSK katibi Mikayıl Rəhimli Müsavat Partiyasının indiyə qədər bütün müraciətlərinə diqqətlə yanaşıldığını, namizədlərinin qeydiyyata alınmasına çalışıldığını vurğulayıb. MSK sədri Məzahir Pənahov isə deyib ki, bu cür sənədin indi qəbul olunması mümkün deyil.

Sonra məsələ səsverməyə çıxarılıb və MSK Müsavat Partiyasının müraciətinin qəbul olunmaması, MSK-nın məsələ ilə bağlı mövqeyinin ictimaiyyətə çatdırılması barədə qərar qəbul edilib.


Teqlər:  





Xəbər lenti