Hamı məntəqədə, onlar evdə səs verəcəklər...

Hamı məntəqədə, onlar evdə səs verəcəklər...
  30 Oktyabr 2015    Oxunub:1708
1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə seçki məntəqələrinə gəlməyə çətinlik çəkən ahıl və xəstə seçicilərin evlərinə daşınan seçki qutuları göndəriləcək.
AzVision.az-ın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir.

Məcəlləyə əsasən məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır. Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə, seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurur. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.

Daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir. Daşınan seçki qutusu ilə gedən məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri alırlar (bu saya 3 seçki bülleteni əlavə olunur). Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı ayrıca tərtib olunan aktda göstərilir. Eyni zamanda seçicilər siyahısında seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca qeyd olunur. Məntəqə seçki komissiyasının üzvləri daşınan seçki qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir.
Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti