Bakının ən yaşlı sakini: `Cavan qız kimiyəm...` - Reportaj

Bakının ən yaşlı sakini: `Cavan qız kimiyəm...` - Reportaj
  30 Oktyabr 2015    Oxunub:31469
Bir neçə gün öncə Bakının ən yaşlı sakinləri ilə bağlı saytımızda məlumat vermişdik. Seçici siyahısı üzrə apardığımız araşdırma zamanı məlum olub ki, Zamanova Sarey Məhər qızı paytaxtın ən yaşlı sakini, həm də ən yaşlı seçicisidir.

Onun nə az, nə çox 117 yaşı var...

Sarey nənəni tapıb, onunla görüşmək və oxucularımız üçün reportaj hazırlamaqda israrlı idik. Amma o isə “ay bala, həyətdə gəzərkən yıxılmışam, məni belə görməyin” deyə reportaja razılıq vermək istəmirdi. Bir yol tapıb, Sarey nənəni razı salıb, yollandıq onun Sabunçu rayonunda yerləşən evinə.

Evin giriş qapısında bizi Sarey nənənin oğlu Salman qarşıladı. Hiss olunurdu ki, Salman anasının mətbuatda görünməsini istəmir, bunu özü də gizlətmirdi: “Xoş gəlmisiniz, buyurun. Ancaq, anamın vəziyyəti yaxşı deyil. Nə danışacaqsınız onunla? Yaşlı qadındır”.



Daha sonra söhbətimiz çay masası ətrafında davam edir. Sarey nənənin oğlu Salman Bakının ən yaşlı seçicisi haqqında danışmağa başlayır: “Anam Ermənistan Respublikasının Spitak rayonunun Heydərli kəndində anadan olub. Sovet dövründə müxtəlif işlərdə çalışıb. Daim öz zəhməti ilə yaşayan biri olub. 1988-ci il Spitak zəlzələsindən sonra bura köçmüşük. O zamandan Bakıda yaşayırıq”.



Onun sözlərinə görə, anası çox güclü qadındır: “İndiyə qədər o nə deyibsə, o da olub. Sözünün kəsəri var. 117 yaşı olmasına baxmayaraq, heç kim onun bir sözünü iki edə bilməz. Ümumən yaşlı insanlara hörmət qoymaq lazımdır. Çünki, yaşlıya hörmət qoymaq lazımdır ki, qocalanda sənə də hörmət qoysunlar”.

Salman kişi deyir ki, Sarey nənənin həyatı olduqca keşməkeşli olub: “Biz 3 oğlan, 3 qız olmaqla 6 uşaq olmuşuq. Anam gənc yaşında oğul itkisi yaşayıb. Daha sonra 2 övladını itirib. Həmçinin bir qızının əri Qarabağ müharibəsində şəhid olub. Ancaq, o güclü qadındır. Bütün bunlara baxmayaraq, həyat eşqini qoruyub saxlayıb. Hazırda anamın 19 nəvəsi, 37 nəticəsi var”.



Sarey nənənin siyasətdən başı çıxmadığını deyən Salman bildirib ki, anası indiyə kimi keçirilən bütün seçkilərdə səs verib. Salman anasının bu dəfə də mərhum Heydər Əliyevin qurucusu olduğu partiyanın namizədlərinə verəcəyini söyləyib.

“Anam bir dəfə Heydər Əliyev Sabunçu sakinləri ilə görüşəndə onunla uzaqdan da olsa təmasda olub. Bu onun həmişə xatirindədir. Həmişə deyir ki, Heydər Əliyev və oğlu İlham Əliyevin sayəsində biz belə yaxşı yaşayırıq”.

Çay masası ətrafında söhbətimizi yarımçıq qoyub yollanırıq, reportajın qəhrəmanı Sarey nənənin otağına. Doğrudur, yaş öz sözünü deyib. Artıq o, yaddaşını itirib, danışığında müəyyən qırılmalar var. Ancaq, nənənin özünə baxımlı olması, nur saçan simasından aydın sezilir.



Qırıq-qırıq səslə Sarey nənə bizə deyir: “Qadan alaram, xoş gəlmisiniz. Mənim 117 yaşım var.Bu da nəvələrimdir”.

Söhbət əsnasında Sarey nənənin uzunömürlülüyünün sirri də açılır. Oğlu deyir ki, anası həmişə özünə baxımlı olub: “İndiyə qədər soyuducudan çıxan su içir. Yeməyi də susuz yemir. Deyir hər şey belə əla gedir”.



Bu arada 3 əsrə şahidlik edən Sarey nənənin “ermənilər bizi qırdı. Türklər gəlib bizi xilas etdi” fikri diqqətimizi cəlb edir. Görünür, ermənilərin azərbaycanlılara qarşı bədnam əməlləri 117 yaşı olmasına və yaddaşını qismən itirməsinə baxmayaraq hələ də onun yaddaşında dərin izlər buraxıb.

Sarey nənənin güclü yumor hissinə malik olması sözlərindən hiss olunurdu. Reportaj əsnansında şəkil çəkdirərkən gülərək deyir ki, “Şəklimi yaxşı çək, Türkiyəyə göndərəcəm. Orada məni yaxşı tanıyırlar. Şükür Allaha mənə nolub ki, özümü cavan qız kimi hiss edirəm”.



Söhbətin bu yerində oğlu diqqətə çatdırdı ki, Sarey nənənin türklərə rəğbəti gənclik illərində ermənilərin azərbaycanlılara divan tutmasının qarşısını almasından irəli gəlir: “Anam deyir ki, ermənilər azərbaycanlıları “Qanlı Dərəyə”, hətta mal tövləsinsə toplayaraq xeyli insanı yandırıb. Bundan sonra ermənilərin əməllərindən türklər xəbərdar olub və azərbaycanlıları xilas ediblər”.

Bu arada Sarey nənə yenə xışıltılı səslə dillənir “Türkiyəyə getmək istəyirəm”.
Salman kişi deyir ki, 117 yaşlı Sarey nənənin ürəyində qalan bir arzusu var: “Anamın ən böyük arzudu Türkiyədə olmaqdır. Deyir arzumdur ki, Türkiyəyə gedim. Ancaq, indiyə qədər buna imkanım olmayıb”.





Elvin Abdulqədirov
Foto: Elvin Abdulla
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti