Çoxlarına sirr deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “yavan çörək yeyən oğlan”lardan deyil. O, son model “Mazda CX9” avtomobilində gəzir, dəbdəbəli evdə yaşayır, oğlu Türkel isə Londonda çox qayğısız və əyləncəli həyat keçirir.
Əli Kərimlinin Bakıda yaşadığı evindən əlavə, Şüvəlan qəsəbəsində bir villası var. Bu haqda AXCP daxilindəki mənbələrdən məlumat alandan sonra yollandıq villanın yerləşdiyi ünvana.
Ərazidə yaşayan şəxslərlə söhbətimiz zamanı onlar villanın Əli Kərimliyə məxsus olduğunu təsdiqləsələr də, əlavə məlumat verə bilmədilər. Onu dedilər ki, villaya son vaxtlar heç kim gəlib-getmir.
Adının çəkilməsini istəməyən əmlak agenti isə bizimlə söhbətində villanın AXCP sədrinə məxsus olduğunu təsdiqlədi və dedi ki, Əli Kərimli bir neçə il bundan öncə onu satmaq istəyib: “Bir neçə il bundan öncə bir nəfər gənc villanın satılmasında kömək etməyim üçün müraciət etdi. Razılaşdım. Villanın Əli Kərimlinin olduğunu bilmirdim. Sonrakı araşdırmam zamanı bu, mənə məlum oldu. Açığı etiraf edim ki, Əli Kərimli villanı baha deyirdi. Bu ərazidə villaların orta qiyməti 800 min dollardan başlayır. O isə yarımtikili villanı 500 minə deyirdi. Bir nəfər 400 min təklif etsə də, Əli Kərimlininn adamları razılaşmadılar. Villanın sahibinin kimliyi bilinəndən sonra isə heç kəs onu almaq üçün müraciət etmədi. Sonra belə bir şayiə yaydılar ki, villanın sahibi ölüb. O vaxtdan bu cür də qalıb”.
AXCP daxilindəki mənbələrdən AzVision.az-a məlum olub ki, villanın tikintisi üçün ərazini 1992-1993-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Rauf Gülməmmədov Əli Kərimliyə bağışlayıb: “O da bu villanı zamanla tikib”.
Qeyd edək ki, başqa bir məlumata görə, Əli Kərimlinin metronun `28 may` stansiyasının yaxınlığındakı binanın səkkizinci mərtəbəsində 3 mənzilin olduğu da bildirilir.
Elvin Abdulqədirov
Hafiz Əhmədov
Foto: Elvin Abdulla