`Lələ köçüb, yurdu qalıb…` - `Sovetski`dən REPORTAJ

`Lələ köçüb, yurdu qalıb…` - `Sovetski`dən REPORTAJ
  31 Oktyabr 2015    Oxunub:13531
Məhəlləyə girən kimi uçuq-sökük divarlarda yazılmış bu sözlərlə qarşılaşırıq : “Sağ olun, qonşular”, “Buranı sökməyin”, “Həyat mənasızdır”.

Bəli, bura “Sovetski”dir. Evləri sökülən, əhalisi köçürülən “Sovetski”...

Vaxtilə Bakının “gözü” hesab olunan “Sovetski”də həyat sükuta qərb olub. Küçələrdə heç kim gözə dəymir. Yalnız sökülən evlərin, uçan divarlarının mənzərəsi canlanır...

Ömrünü bu məhəllələrdə keçirən Bikəxanım Mirzəyeva ilə həmsöhbət olub, “Sovetski” sakinlərinin vəziyyətini ilə maraqlandıq.

Evlərinin sökülməsini gözləyən B. Mirzəyeva bildirib ki, keçən ildən gözləri yollarda qalıb.



“Evlərimizi gəlib ölçdülər, sonra atamla danışdılar. Bizim ev 50 kvadrat metrdir. Bizə elə pul təklif edirlər ki, onunla başqa bir yerdə normal ev ala bilmirik. Ailəli bacım var, o da bizimlə yaşayır. Bu ev bizə babamdan qalıb. 3 balaca otaqdan ibarətdir. Burdan köçüb, harada yaşayacağıq?

Tutaq ki , 50 kvadrata 1500 manatdan pul verdilər, bu da 25 min edəcək. Bu pula haradan ev alaq? Yaxşı deyirlər: “Lələ köçüb, yurdu qalıb”.

Müsahibimizin sözlərinə görə, evi 25 kvadrat metrdən az olan sakinlərə hazır mənzillər verilir.



“Onlara Gənclikdə qəşəng 40 kvadrat metrlik ev veriblər. Bir də eşitmişəm Nərimanovda da onlar üçün ev tikilir. Bizə də hazır ev versələr, şükür edərik.

Əlimizdən nə gəlir, gözləyirik, görək nə vaxt gəlib bizimlə danışacaqlar.
Eşitdiyimə görə, icra nümayəndələri sakinlərə bildirib ki, hələ pul yoxdur, bir az gözləyin.

Gördüyünüz kimi, burada bütün evlər pis gündədir.Biz də istəyirik, normal evimiz olsun. Qonşularımızın çoxu çöküb buradan. Tək qalmışıq”.



Məhəllənin digər sakini Səməd kişi isə sökülən evinin pulunu dayısı qızı ilə bölməyə məcbur qaldığını deyir:

“Bizim evə dayım qızı da vərəsədir. Gedib bizi məhkəməyə verib. Məhkəmə də deyir ki, gedin özünüz ayırd edin. 20 il bundan qabaq qeydiyatda olub, heç bizim xəbərimiz olmayib. İndi ona 32 kvadrat metrlik evdən pul versək, bizə nə qalacaq”.



Səməd kişinin qonşusu isə evin pulunu övladları arasında bölüşdürə bilmir: “Mənim də 3 oğlum, hərəsinin də iki uşağı var. Yoldaşları da deyir ki, biz ayrı qalmaq istəyirik. Bizdə bir həyətdə 3 ev var , toplam 72 kvadrat metrdir ki, bu da 114 min manat edir. Bu da azdır. Bu pula 2 ev almaq olmur. Deyirlər, hələ gözləyin.

Balaca evlərin 200-ə yaxın sakinini Gənclikdəki İdman Akademiyasının yataqxanasına köçürüblər. İndi qalır bizim evlər. Görək, Allaha pənah aparıb gözləyirik”.



Sakinlərlə söhbət edərkən sökünütüyə nəzarət edən iş icraçısı bizə yaxınlaşıb bildirdi ki, ev sahibləri ilə aralarında tez-tez mübahisələr düşür.

“Elə sakinlər olur ki, onlara nəyisə izah etmək mümkün olmur. İcra nümayəndələrinə deməli olan sözlərini bizə deyirlər, evləri sökməyə mane olurlar. Ona görə də artıq buna öyrəşmişik. Çalışırıq ki, mübahisədən qaçaq. Biz də burada iş görürük, öz başına gəlib işləmirik ki?”.

Söküntü işləri aparan fəhlələrdən biri isə söhbətimiz zamanı ev sakinlərinə necə təsir etdiklərindən danışdı.



“Görəndə ki, sakinlər tərslik edir, köçmək istəmirlər, onlara psixoloji təzyiq göstəririk. Məsələn, hansı sakin qonşu divarı sökülən, bir gün işığı, bir gün qazı gəlməyən evdə yaşmaq istəyər. Məcbur qalıb evi tərk edirlər”.

Söhbətimizi eşidən ev sakinlərindən biri aynabənddən boylanıb, gülərək “hara köçürük , pul gətirin sonra...”,- deyə söhbətə qoşulur.



Sakinlərlə söhbəti başa vurub, bir vaxtların məşhur “Sovetski”sini bu təəssüratla tərk edirik: “Hey gidi dünya…”.



Şahanə Rəhimli
Elvin Abdullayev

Qalereya




Teqlər:  



Xəbər lenti