“Demokratik seçki mühiti mövcuddur” - Əli Əhmədov

“Demokratik seçki mühiti mövcuddur” - Əli Əhmədov
  31 Oktyabr 2015    Oxunub:1560
Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında 1noyabr parlament seçkilərini izləyəcək MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Əli Əhmədov ölkəmizdə seçkilərin azad, şəffaf, demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitdən bəhs etdi. Bildirdi ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb.

Əli Əhmədov vurğuladı ki, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük qələbə əzmi ilə qatılıb: `Bunu şərtlənirən bir sıra amillər mövcuddur. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Partiyanın sıralarında 670 minə yaxın üzvün birləşməsi təbii ki, həyata keçirilən siyasətə dəstəyin, Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamın göstəricisidir`.

YAP sədrinin müavini Əli Əhmədov bildirdi ki, hər bir partiya seçkilərə ötən dövr ərzində qazandığı uğurlarla, malik olduğu sosial baza ilə qatılır: `Heç şübhəsizdir ki, Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi böyükdür`.

Əli Əhmədov ölkədə seçki ab-havasının çox müsbət, xalqın seçki əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etdi. Vurğuladı ki, bu ab-hava xalqın bugünkü reallıqlara verdiyi yüksək dəyərdən qaynaqlanır.

Demokratiyanın vacib amillərindən biri seçkilərin şəffaflığının təminatının təsdiqi kimi prosesin beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin müşahidəçilərinin izləməsidir. Ə.Əhmədov Azərbaycan dövlətinin beynəlxalq müşahidə missiyalarının seçkiləri izləmələrinə yaratdığı şəraiti prosesin demokratik, azad və şəffaf şəkildə keçirilməsinə göstərdiyi diqqət və önəm kimi qeyd etdi.

MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ölkəmizdə seçki ab-havasından razılıqlarını ifadə etdilər. Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinin göstəricilərindən biri kimi seçkilərin demokratikliyinə, beynəlxalq standartlara uyğun keçirilməsinə göstərilən diqqəti xüsusi vurğuladılar.

Daha sonra Ə.Əhmədov Müşahidə Missiyasının üzvlərini maraqlandıran sualları cavablandırdı, bir daha onları ölkəmizdə görməkdən, seçkiləri izləmələrinə göstərdikləri maraqdan məmnunluqlarını ifadə etdi. Qeyd edək ki, YAP icra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.


Teqlər:  



Xəbər lenti