KİV-in seçki prosesində rolu: təcrübə və reallıq
Azərbaycanın müasir seçki tarixinə nəzər yetirdikdə mətbuatın ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edən bu prosesdə rolunun heç də arzuolunan səviyyədə olmadığını görmək mümkündür. Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Məclis sеçkiləri üçün müşаhidəçilərin hazırlanması və müşahidəçilik hüquqları ilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində apardığımız araşdırma göstərdi ki, mətbu orqanlarda çalışan media nümayəndələrinin böyük əksəriyyətinin qanunvericiliyin KİV-in seçki prosesində iştirakını tənzimləyən tələblərindən məlumatı ya səthidir, ya da ümumiyyətlə, yoxdur.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarının iclaslarını işıqlandıra, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolları və qərarları ilə tanış ola bilər, habelə müvafiq seçki komissiyasının qərarının, protokolunun və onlara qoşulan digər sənədlərin surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxara və ya ala bilər, əlavə nüsxələri isə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə ala bilərlər.
Bundan əlavə, kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə seçki komissiyası qərarların, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların surətləri seçki komissiyası tərəfindən təsdiq olunmalıdır. Eyni zamanda seçki komissiyalarının iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etmək hüququ vardır.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən səsvermə günündə məntəqədə olan KİV təmsilçisinin üzərində MSK-nın müəyyənləşdirdiyi formada lövhəcik olmalıdır. Lakin MSK “KİV haqqında” qanuna istinad edərək yerli KİV-in sərbəsr informasiya hazırlamaq azadlığını tanıyıb və qurumun təlimatına görə, seçki günü məntəqədə olmaq, müşahidə aparmaq üçün akkreditasiyaya ehtiyac yoxdur.
Bundan əlavə, MSK nəzdində xüsusi mətbuat qrupu olmalıdır. Qrupun işi bilavasitə seçkiqabağı təşviqat mərhələsini monitorinq etməli, qanunvericiliyin seçkiqabağı təşviqatla bağlı tələblərinin pozulmasına dair şikayətləri araşdırmalıdır. Adətən bu qrupa Vəkillər Kollegiyasının üzvü Azər Tağıyev rəhbərlik edir. Lakin bu il adıçəkilən qrupun fəaliyyəti nəzərə çarpmadı. Bəzi ekspertlər bunu seçkiqabağı təşviqatın aktiv olmaması, namizədlərə pulsuz efir vaxtının verilməməsi ilə izah edirlər.
Lakin bizimlə söhbətində 2013-cü il prezident seçkiləri zamanı qrupun tərkibində iştirak edən jurnalistlər bildirdilər ki, qrupu fəaliyyətsizliyi nəticəsində seçkiqabağı təşviqat mərhələsində bir çox namizədlər qanun pozuntusuna yol veriblər: “Qanunvericiliyə əsasən seçki təşviqatına qoşulan KİV mütləq əvvəlcədən MSK-nı məlumatlandırmalıdır. Bu il bir neçə KİV-dən başqa, heç bir mətbu orqan MSK-ya belə xəbərdarlıq etməyib. Lakin buna baxmayaraq, bir sıra iqtidar KİV-ləri də daxil olmaqla, əksər mətbu orqanlarda təşviqat materialları yerləşdirilir. Bundan əlavə, bir çox namizədlərin dərc etdirib payladıqları təşviqat materiallarında nüsxə sayı, çap edən qurum və sair məlumatlar əksini tapmayıb. Bütün bunlar göstərir ki, KİV-in aktiv nəzarəti seçki qanunvericiliyinin tələblərinə riayət olunması baxımından çox mühümdür.”
Qeyd edək ki, MSK ictimaiyyətlə əlaqələr qurumu seçkiyə qədər pozuntularla bağlı mətbuatda gedən materialları toplayaraq rəhbərliyə məruzə edir. Səsvermə günü isə mətbuat nümayəndələri üçün yaradılmış qaynar xəttə gələn müraciətlər araşdırılır.
Müsahibimiz olan KİV nümayəndələri qeyd edirlər ki, mətbuatın vəzifəsi qeydə aldığı pozuntuları işıqlandırmaq, ictimailəşdirməkdir. Mətbuatda yer alan faktları araşdırmaq və ölçü götürmək isə MSK və digər əlaqədar qurumların vəzifəsidir. Lakin ortada elə də uzaq olmayan keçmişin təcrübəsi var və həmin təcrübə göstərir ki, KİV bütün proseslərdə olduğu kimi, seçkilərdə də şəffaflığın təmin olunmasında mühüm rol oynaya bilər.







Vaxtında, Aydın, Lazımlı!


