Nazirlik işçləri peşə bayramını qeyd edib

  31 Oktyabr 2015    Oxunub : 1320
Nazirlik işçləri peşə bayramını qeyd edib
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamına əsasən, noyabrın 1-i ölkəmizdə kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunur.
Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi oktyabrın 31-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üstünə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bayram tədbirində kənd təsərrüfatı nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsində ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. O, qeyd edib ki, Prezident İlham Əliyev kənd təsərrüfatının ərzaq təhlükəsizliyində və qeyri-neft sektorunun inkişafında mühüm rolunu nəzərə alaraq, 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edib və bununla da aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Prezidentin tapşırığı ilə hazırlanan tədbirlər planında kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi, şəffaflığın təmin edilməsi, elmi təminatın və kadr hazırlığının yaxşılaşdırılması, informasiya texnologiyaları üzrə infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatı sisteminin yaradılması və digər bu kimi mühüm vəzifələr əksini tapıb.

Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən nazir bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi istiqamətində davamlı işlər bundan sonra da davam etdiriləcək.

H.Əsədov Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup kənd təsərrüfatı işçisinin fəxri ad və mükafatlarla təltif olunduğunu diqqətə çatdırıb, aqrar sektorda çalışanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov dövlətimizin qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı sahəsinə xüsusi önəm verdiyini deyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib. Sonra A.Əmiraslanov kənd təsərrüfatının inkişafında xidmətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxuyub.

Kənd Təsərrüfatı Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin kənd təsərrüfatı işçilərinə ünvanlanmış müraciətini nazir H.Əsədova təqdim edib.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov universitetin müəllim və professor heyəti adından kənd təsərrüfatı işçilərini bayram münasibətilə təbrik edib və universitetdə baş verən köklü dəyişikliklər, mövcud maddi-texniki bazası, təhsilin səviyyəsi, kadr hazırlığı barədə geniş məlumat verib.

Digər çıxış edənlər də aqrar sahədə aparılan islahatların müsbət nəticələrindən, görülən işlərdən, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıblar. Çıxışlarda yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına nail olunacağı vurğulanıb.

Fermer Əhməd İbrahimov onlara göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra fəaliyyətlərində fərqlənən bir qrup işçiyə mükafatlar təqdim olunub.

Bayram tədbirinin sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Teqlər: