Bakıda səsvermə necə gedir? – Reportaj (FOTOLAR)

Bakıda səsvermə necə gedir? – Reportaj (FOTOLAR)
  01 Noyabr 2015    Oxunub:4422
Azərbaycanda bu gün səhər saatlarından başlayaraq parlament seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin saat 10:00-a olan açıqlamasına görə, seçicilərin 667732 nəfəri səsvermədə iştirak edib.

AzVision.az-ın əməkdaşları seçki prosesini izləmək üçün 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 16-17 saylı seçki məntəqəsinə baş çəkib.

16 saylı Məntəqənin Nəzarət Komissiyasının sədri İlqar Tağıyevin sözlərinə görə, səhər saatları olmasına baxmayaraq, seçici aktivliyi hiss olunur. İndiyədək məntəqədə heç bir qayda pozuntusu qeydə alınmayıb.



“Gördüyünüz kimi seçki prosesi normal şəkildə davam edir. Hər hansı problem qeydə alınmayıb. Seçici aktivliyi müşahidə olunur. Müşahidəçilər də seçki qutularına nəzarət edirlər. Onlar da gedişatdan razılıq edirlər. Hələ ki, heç bir şeydən şikayət etməyiblər”.

Seçici 65 yaşlı Əminə Rüstəmova seçki prosesindən razı qaldığını, hər hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirib.



Vətəndaş Namiq Muradov da seçkinin şəffaf keçirildiyini qeyd edib. Digər bir seçici Asəf Adiloğlu seçkinin keçirilməsindən razılıq edir.

“Seçdiyimiz, etibar etdiyimiz namizədə səs veririk. Heç kim müdaxilə etmir, göstəriş vermir. Mən də etibar etdiyim şəxsə səs verdim. İnanıram ki, o da seçiləcək və millətin vəkili olacaq”.

Müstəqil müşahidəçi Aydın Rəhimov isə iki saatlıq seçki prosesində heç bir qayda pozuntusu aşkar etmədiyini bildirib. O, qeyd edib ki, seçki qutularından müəyyən olunmuş məsafədə seçkiləri izləyirlər. “Heç bir saxtakarlıq ola bilməz və seçicilər də onlara yaradılan şəraitdən razıdırlar”.

Gültəkin Ələsgər
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti