“Qaynar xətt”ə müraciət daxil olmayıb

“Qaynar xətt”ə müraciət daxil olmayıb
  01 Noyabr 2015    Oxunub:1353
Noyabrın 1-i saat 11-dən 14-dək olan müddətdə parlament seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının (MŞ) “qaynar xətt”inə müraciət daxil olmayıb.
Paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

Mətbuat Şurasından AzVision.az - a bildiriblər ki, monitorinq qrupunda təmsil olunan MŞ-nin İdarə Heyətinin üzvlərindən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 11 saylı Qaradağ, 10 saylı Binəqədi III, 16 saylı Yasamal II, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı 28 saylı Sabunçu III, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli 22 saylı Nəsimi II, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 35 saylı Xətai III, 19 saylı Nərimanov I və 20 saylı Nərimanov II, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl 8 saylı Binəqədi I və 9 saylı Binəqədi II seçki dairələrinə daxil olan məntəqələrdə səsvermənin gedişini izləyiblər. Bundan başqa Şuraya üzv olan bölgə kütləvi informasiya vasitələrinin əməkdaşları da monitorinqdə iştirak ediblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını, hər hansı maneənin qeydə alınmadığını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının «qaynar xətt»inə bəzi deputatlığa namizədlərin seçki qərargahlarından müraciətlər daxil olub. Müraciət müəllifləri mübarizə apardıqları dairədəki digər namizədlərin müxtəlif media vasitələrindən yararlanaraq təbliğat və əks-təbliğat işləri apardıqlarını vurğulayıblar. Bu baxımdan eyni dairə ərazisindəki seçki məntəqələrində bir internet informasiya resursunun çoxsaylı əməkdaşının mövcudluğuna, onların seçicilərlə təmaslarda media mənsubu kimi deyil, namizədin tərəfdarı olaraq davranmalarına dair məqamlar qabardılıb. Müraciətlərdə, həmçinin ayrı-ayrı saytların materiallarında yol verildiyi iddia edilən qanun pozuntusunun konkret namizədin (ad çəkilməklə) xeyrinə aparıldığının bildirilməsi də narazılıq doğurub.

Mətbuat Şurası jurnalistləri parlament seçkilərində ədalətli rəqabətə maneçilik törədən fəaliyyətdən uzaq durmağa, tərəfsiz mövqedən çıxış etməyə çağırır. Qurum bildirir ki, jurnalistikanın hazırkı işi ölkə ictimaiyyətini seçkinin gedişi ilə bağlı obyektiv və qərəzsiz məlumatlandırmaqdan ibarətdir. Mövcud xüsusda diqqət və riayət edilməli başlıca məqam media fəaliyyətinin Azərbaycan Respublikasının seçki qanunvericiliyində, habelə digər rəsmi sənədlərdə əksini tapmış müddəaları və «Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları»nın prinsipləridir.


Teqlər:  



Xəbər lenti