Xalq kimə və niyə səs verdi? - ŞƏRH
Seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilərin, “exit-poll”ların rəyi olduqca müsbətdir. Avropa və MDB ölkələrini təmsil edən müşadihəçilərin qənaətinə görə, seçkilər tam azad, demokratik və şəffaf keçirilib.
Hətta bəzi ekspertlər ölkəmizdəki seçki prosesinin Avropa dövlətləri və dünya ölkələri üçün nümunə olduğunu bəyan ediblər.
Seçkinin yekun nəticələrinə əsasən marafonda böyük üstünlük hakim Yeni Azərbaycan Partiyasına məxsusdur. Bu partiyanın 71 namizədi seçkidə qalib gələrək Milli Məclisdə təmsil olunmaq hüququ qazanıb.
Politoloq Fikrət Sadıqov hesab edir ki, hakim partiyanın seçkidən qalib ayrılacağı öncədən gözlənilirdi. Onun sözlərinə görə, buna səbəb YAP-ın cəmiyyət arasında qazandığı etibar və nüfuzdur.
“Hakim partiya artıq xalq arasında etibar qazanıb. Cəmiyyətdə YAP-a insanların etimadı var. Onun adı ilə siyasi stabillik, sosial-iqtisadi inkişaf sıx bağlıdır. Seçicilər bu göstəricilərə səs verdi, onlar üçün cəmiyyətdə inkişaf və stabillik əsas göstəricilərdir. Bu, Azərbaycanda göz qabağındadır və müşahidə olunur. Hesab edirəm ki, vətəndaşlar düzgün seçim etdilər”.
Politoloqun fikrincə, yeni seçilmiş Milli Məclis öncəkindən daha fəal olmaldır: “Mənə elə gəlir ki, hazırda yen seçilmiş parlament daha fəal olmalı, yeni təşəbbüslər irəli sürməli, cəmiyyətə xalqa lazım olan qanunlar qəbul etməlidir. Parlamentdən gözləntilərim bunlardır”.
Siyasi ekspert Arzu Nağıyev isə hesab edir ki, ölkəmizə qarşı daxili və xarici təzyiqlərə baxmayaraq, xalq öz seçimini doğru və düzgün ifadə edə bildi.
“Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izlədi. Təsəvvür edin ki, seçkiyə bir neçə gün qalmış özlərini siyasi arenadan silənlər də tapıldı, cinayət işləri sona çatan və çatmayan bir sıra şəxsləri “siyasi dustaq” adlandırmaqla, bəzi müxalif qüvvələr seçkidən imtina etdilər.
Paradoksal və gözlənilən hal idi ki, dünənə kimi seçkilərdə iştirak etməyə səy göstərənlər ABŞ-da keçirilən dinləmələrdən sonra bu missiyadan geri çəkildilər. Səbəb isə xarici havadarlarının diqtəsi ilə işləmək idi. Bir müddət əvvəl müşahidəçilik missiyasından imtina edənlər və “kağız parça”sına çevriləcək absurd qərarlarla çıxış edənlər, məyus olan Kramerlər də seçkiləri izlədilər”.
Ekspert onu da bildirib ki, Azərbaycan hakimiyyətinə diqtə yolu ilə bir sıra dəyişiklikləri, hətta seçkini 4 ay sonraya təyin olunmasını tələb edənlərin də istəkləri özlərinə qalıb.
“Onlar bir daha anladılar ki, Azərbaycanın əsas məqsədi normal fəaliyyətli Milli Məclisinin formalaşmasıdır. Çünki xalq bu parlamentdən Azərbaycanın gələcəyi və taleyüklü problemlərinin həlli ilə bağlı yeni qanun və qərarlar gözləyir. Belə də olacaq, ona görə də seçkilər xalqın iradəsinə uyğun şəlkildə sona çatdı”, - deyə. Nağıyev qeyd edib.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı açıqlamasında bildirib ki, Milli Məclisə keçirilən seçkilər azad, ədalətli və demokratik şəraitdə, əhalinin fəallığı ilə baş tutub.
Onun sözlərinə görə, Azərbaycan xalqı Prezidentimiz cənab İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, Yeni Azərbaycan Partiyasının seçki proqramında irəli sürülmüş “Yeni hədəflərə doğru” müddəalara səs verdi.
“Bir məsələni qeyd etmək istərdim ki, bəzi bədxahların cəhdlərinə baxmayaraq, seçki prosesində seçicilər daha monolit və mütəşəkkil iştirak etdilər”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


