Nümayəndə heyətimiz Qətərə səfər edib
AzVision.az Dövlət Neft Şirkətinin saytına istinadən xəbər verir ki, səfər zamanı Azərbaycanda inşası nəzərdə tutulan Neft-Qaz emalı və Neft-kimya Kompleksi (NQNK) layihəsinin ilk mərhələsi olan Qaz emalı zavodunun (QEZ) layihələndirilməsi və icrasında Qətər dövlətinin son illər qazandığı təcrübədən yararlanmaq məqsədi ilə geniş təcrübə mübadiləsi aparılıb və digər məsələlər müzakirə edilib.
“Qatar Petroleum İnternational” şirkətində Direktorlar şurasının üzvləri, “Qatar Petroleum İnternational” şirkətininin İcraçı direktoru cənab Nasser Əl-Cəida və “Qatar Petroleum” şirkətinin Neft və qaz Birgə Müəssələri üzrə Direktoru cənab Saad Əl-Kaabi ilə görüşlər keçirilib. Görüşdə son illər bütün dünyada Qətər və Azərbaycanın iqtisadi inkişaf sürətinə görə əhəmiyyətli nəticələr əldə etdiyi vurğulanıb.
ARDNŞ-nin vitse-prezidenti Tofiq Qəhrəmanov ARDNŞ prezidenti Rövnəq Abullayevin salamlarını çatdırıb və dövlətlər arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Qətərin dünya neft-qaz bazarında özünəməxsus yer tutduğunu qeyd edib.
Görüşdə “NQNK” layihəsi barədə məlumat verilən, iki şirkət arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işçi qrupun yaradılması və qazanılan təcrübələrin bölüşdürülməsi təklif edilib. Neft-qaz sahəsində qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nümayəndə heyəti Qətər Dövlətinin neft-qaz istehsalat zavodlarını özündə birləşdirən və dünyanın ən böyük sənaye şəhərciklərindən biri olan “Ras Laffan” sənaye şəhərciyinə səfər edib. Burada fəaliyyət göstərən emal zavodları, liman təsərrüfatı, köməkçi istehsalat obyektləri və.s barədə geniş məlumat verilib və istehsal sahələrinə - dünyanın ən böyük “LNG” istehsalı zavodlarına və liman təsərrüfatına, tikinti zamanı çalışan işçilərin yaşaması üçün salınan tikinti şəhərciyinə baxış keçirilib və ətraflı fikir mübadiləsi aparılıb. Sonda nümayəndə heyəti üzvləri şəhərcikdə yerləşən “Qatargas” istehsalat müəssisəninin xatirə kitabına ürək sözlərini yazıblar.