Dövlət büdcəsində 92 milyon kəsir
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan hökumətindən bildiriblər.
Azərbaycanın dövlət büdcəsi ardıcıl 7 aydır kəsirlə icra olunur.
Yanvarda dövlət büdcəsinin profisiti 421,6 milyon manat (ÜDM-in 11,6 faizi) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 16,9 dəfə artıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 61,8 faiz üstələyir.
Yanvar-martda büdcə ötən ildəki 108,4 milyon manat profisitə qarşı 251 milyon manat kəsirlə, yanvar-apreldə 402,6 milyon manat profisitə qarşı 822,5 milyon manat kəsirlə, yanvar-mayda 654,5 milyon manat profisitə qarşı 905,8 milyon manat kəsirlə, yanvar-iyunda 615 milyon manat profisitə qarşı 770,9 milyon manat kəsirlə, yanvar-iyulda 774 milyon manat profisitə qarşı 595,7 milyon manat kəsirlə, yanvar-avqustda isə 938,4 milyon manat profisitə qarşı 127 milyon manat kəsirlə icra edilib.
2015-ci ilin 9 ayı ərzində Azərbaycan dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolamalar 12,07 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,2 faiz azdır. Dövlət büdcəsinin xərcləri 4,2 faiz azalmaqla 12,16 milyard manat təşkil edib.
Daxilolmalar strukturunda 42,2 faiz (5,09 milyard manat) Vergilər Nazirliyinin xətti üzrə təmin edilib. Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,12 milyard manat (9,3 faiz) köçürüb. Qeyd edilən dövrdə vergi daxilolmaları 4,7 faiz, gömrük ödənişləri isə illik hesablamada 0,9 faiz azalıb.
Dövlət büdcəsinin məxaric strukturunda 39,4 faiz və ya 4,79 milyard manat iqtisadi fəaliyyətlə bağlı xərclərin payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,5 faiz və ya 687,1 milyon manat azdır. Bu məbləğin 4,01 milyard manatı (12 faiz azalma ilə) sənaye, tikinti və faydalı qazıntılar sahələrinə, 317,2 milyon manatı isə (14,5 faiz azalma ilə) kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsinə ayrılıb.
2015-ci ilin yanvar-sentyabr aylarında sosial təminat və müdafiə ilə bağlı xərclərin payı 2 faiz azalma ilə 11,8 faiz (1,43 milyard manat), səhiyyə ilə bağlı xərclər isə 0,9 faiz artımla 3,7 faiz (454 milyon manat) olub.
Qeyd edək ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiq edilib. Büdcə proqnozları 1 barel neftin 90 dollar qiyməti əsasında formalaşdırılıb.
AzVision.az
Teqlər: