Adı “MTN işi”ndə çəkilən Hüseynovla bağlı Açıqlama
Dövlət Komitəsinin Aparatında, həmçinin, bölgə şöbələrində İrşad Hüseynov adlı şəxs çalışmır. Media mənsublarından xahiş olunur ki, hər hansı məlumatı yayımlamadan əvvəl həqiqətə uyğun olub-olmadığını Dövlət Komitəsi ilə dəqiqləşdirsinlər.
Qeyd edək ki, ötən gün mətbuatda Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşadığını və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində çalışdığını iddia edən İrşad Hüseynovun Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı şikayət məktubu dərc edilib. O, şikayətində özünü MTN-in Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədov kimi təqdim edən şəxsin əməllərindən zərər çəkdiyini bildirir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində çalışdığını deyən İrşad Hüseynov Milli Təhlükəsizlik Nazirliyinin Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədov kimi qələmə verən şəxsin sabiq nazir Eldar Mahmudovun göstərişi ilə Qobustan rayonu İlanlı kəndində “İlanlı bəyləri”nə məxsus qızıl axtardıqlarını və həmin qızılların qəbirlərdə yerləşdiyini bildirib. İ.Hüseynov oradakı 73 ədəd qəbirin yerlə yeksan edildiyini və 73 ədəd baş daşının oğurlandığını gördüyünü bildirib.







Vaxtında, Aydın, Lazımlı!


