`O, Naxçıvandır` mahnısının savaş və sevgi tarixçəsi

`O, Naxçıvandır` mahnısının savaş və sevgi tarixçəsi
  22 İyun 2013    Oxunub:14002
1941-ci ilin iyunun 22-də başalanan Böyük Vətən Müharibəsinə ilk gündə yüzlərlə həmvətənimiz könüllü olaraq yola düşmüşdü. Onların arasında cəsarətli qızlarımızın da sayı yetərincə idi. Bu gün Naxçıvan şəhərində yaşayan 90 yaşlı Dilbər Təhməzbəyova 1941-ci il iyunun 23-dən ta ki 1945-ci ilin 9 mayına qədər azərbaycanlılardan ibarət 402-ci atıcı diviziyanın tərkibində olub. 72 il bundan əvvəlki xatirələrini bizimlə bölüşən Dilbər xala o günləri olduğu kimi xatirlayir.

Söhbətləşmək məqsədilə onlara yollananda Dilbər xala həyətdəki bostanda əlində kətmən ləklərə qulluq edirdi. 90 yaşı olmasına baxmayaraq, bunu hələ də böyük zövq və çevikliklə edir. Ancaq müharibə ilə bağli xatirələrini evində, çox sevdiyi, üstü orden-medallarla dolu pencəyini geyəndən sonra davam etdi. Deyir, “adət eləmişəm, bu əynimdə olmayanda elə bil müharibə xatirələrini danışa bilmirəm...”

- Mən 1941-ci ildə tibb məktəbini yenicə bitirib, Naxçıvandakı xəstəxanaların birində işləyirdim,- deyir Dilbər xala. - 22 iyunda növbədə idim. Səhərə yaxın xəbər yayıldı ki, faşistlər SSRİ-yə hücum edib. Mənə elə həmin gün də çağırış gəldi. Mənimlə bərabər 12 qız hərbi komissarlığa getdik. Fikirləşdim ki, oradan atama, qardaşlarıma xəbər göndərərəm ki, müharibəyə gedirəm. Ancaq ora çatanda gördüm ki, bütün Naxçıvan oradadır.

Bizi əvvəlcə hərbi şəhərciyə apardılar, orada müəyyən təlimatları verdilər və Qroznı şəhərinə yola düşdük. Bir neçə günlük xüsusi tibb kursu keçəndən sonra mənə kiçik leytenant rütbəsi verdilər. Hissəmiz döyüşən ordu olduğu üçün həmişə öndə idi. Hərbi xəstəxanamız Qafqaz dağlarında yerləşirdi. İlk döyüşü Mozdokda qarşıladıq. Bütün günü yaralıları əməliyyat edirdik. Yaralılar dayanmadan gəlir, əməliyyat olunur, yaraları sarılırdı. Əksəriyyəti də azərbaycanlı idi. Hamısı da bir neçə yerdən yara almışdı. Çünki bir yara alan döyüşçülər bunu veclərinə almırdılar, adi hal sayır, axıra qədər döyüşə can atırdılar.

Dəhşət idi, növbəsiz işləyirdik. Mən cavan idim, dözə bilirdim, yaşlı qadınlar, tibb bacıları əməliyyat stolunun başında, səngərlərdə huşlarını itirirdilər. Hətta bir dəfə ağır bir yaralı gətirmişdilər. Cərrah 40-45 yaşında cavan bir həkim idi. Köməkçisi isə hardasa 60 yaşında bir qadın. Birdən xəstənin halı pisləşdi, qarın nahiyəsindən yaralanmışdı, bağırsaqları içəri yığmaq olmurdu. Həkim hansısa aləti istədi, qadın səhv aləti uzadanda həkim onu alıb qadının başına çırpdı. O isə üzündən qan axmasına baxmayaraq, cərrahın istədiyi aləti tez tapıb verdi. Əməliyyat başa çatandan sonra cərrah həmin qadını qucaqlayıb, əllərindən öpdü və üzr istədi. Biz bu şəraitdə yüzlərlə döyüşçünün həyatını xilas edirdik.

Zabit qadınlarda da naqan var idi. Ancaq biz tibb işçisi idik. Bu silahdan demək olar ki, müharibənin sonuna qədər istifadə etmədim. Mənim silahım ancaq cərrah bıçağı idi.

Dilbər xala ağır yaralılara bəzən öz qanını verdiyini də deyir. Hətta Zəngilan rayonundan olan bir döyüşçü ona qan verənin Naxçıvandan Dilbər xala olduğunu biləndə müharibədən sonra gəlib onu taparaq “Bacı” adlandırıb və öz minnətdarlığını bildirib. “Mənim damarımda sənin qanın axır. Biz bacı-qardaşıq”,- deyib.

Dilbər xala üçün maraqlı məqamlardan biri də müharibədə Tərtərdən olan Vahid Axundovla bağlıdır. Ağır yaralanan Vahid Axundov Dilbər xalanın palatasında yatırmış. Bu mehriban tibb bacısının azərbaycanlı olduğunu öyrənir. Adını və ünvanını soruşur. Müharibə qurtarandan sonra musiqiçi - tarzən olan Vahid Naxçıvana gəlir və Dilbər xanımı taparaq onunla ailə qurur. Ömrünün sonuna qədər Naxçıvanda yaşayan Vahid Axundov Dilbər xanım kimi bir övlad böyütdüyünə görə bu diyara borclu qalmır. İndi nəinki Azərbaycanda, bütün Yaxın Şərqdə - İranda, Türkiyədə məşhur olan “O Naxçıvandır” mahnısını bəstələyir.

İndi Dilbər xala 90 yaşını qeyd etməyə hazırlaşır. Onun mətin bir azərbaycanlı qızı kimi keçdiyi döyüş yolunu sinəsindəki orden-medallar sübut edir. Elə naxçıvanlılar da muxtar respublikada Böyük Vətən Müharibəsinin yeganə veteran qadını olan bu xanımın hörmət və ehtiramını yetərincə saxlayırlar. Bu il 9 may günü dövlət tərəfindən ona avtomobil hədiyyə edib.

Dilbər xala qalib bir ordunun döyüşçüsüdür və bizim, bu günkü nəslin bilmədiyi bir nemətin dadını yaxşı bilir- o da işğalçı düşmən üzərində çalınan QƏLƏBƏ-nin dadıdır! Tanrı bizə də bu sevinci yaşatsın..

Səməd Canbaxşıyev
Naxçıvan
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti