İlham Əliyev: `Bizim üçün Gürcüstan çox yaxın ölkədir` (FOTOLAR)

İlham Əliyev: `Bizim üçün Gürcüstan çox yaxın ölkədir` (FOTOLAR)
  06 Noyabr 2015    Oxunub:2284
Noyabrın 5-də Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tbilisidə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.

Gürcüstan Prezidenti Giorgi MARQVELAŞVİLİ dedi:

- Zati-aliləri cənab Prezident.

Hörmətli nümayəndə heyətinin üzvləri.

İcazə verin, Sizin Gürcüstana səfərinizi ürəkdən alqışlayım. Deməliyəm ki, çoxdandır bu səfərin intizarında idim.

Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab Prezident, mən əminəm ki, Sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək.

***

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Çox sağ olun, hörmətli cənab Prezident.

Göstərilən qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək.

Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin.

Gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur. İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik.

***

Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparıldı.

Qalereya




Teqlər:  



Xəbər lenti