“Reklam haqqında” qanun müzakirə olundu

“Reklam haqqında” qanun müzakirə olundu
  22 İyun 2013    Oxunub:1840
İyunun 21-də Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib
AzVision.az xəbər verir ki, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iclası açaraq ikinci oxunuş üçün nəzərdə tutulan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsini deputatların diqqətinə çatdırdı. Bildirildi ki, sənəddə ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və həyata keçirilməsi qaydaları, yoxlayıcı orqanların vəzifələri və məsuliyyəti, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər müəyyən edilir. Ziyad Səmədzadə diqqətə çatdırdı ki, sənədə Milli Məclisdə birinci oxunuşda baxılıb, layihədə yoxlamaların qaydaları ilə bağlı bəzi məqamlara aydınlıq gətirilərək bir sıra dəyişikliklər edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öz çıxışında qeyd etdi ki, qanun layihəsi mükəmməl tərtib olunub. Sənəd sahibkarların hüququnun müdafiəsinə yönəlmiş, onların fəaliyyətini yersiz yoxlamalar və müdaxilələrdən qorumağa xidmət edəcək bir qanundur. Komitə sədri qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildirdi.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Çingiz Əsədullayev, Vahid Əhmədov, Əli Məsimli, Çingiz Qənizadə, İlham Əliyev, Rafael Cəbrayılov qanun layihəsi ilə bağlı fikirlərini açıqladılar, onun müasir tələblərə cavab verdiyini, sahibkarlığa dəstək baxımından əhəmiyyətini vurğuladılar, öz təkliflərini söylədilər.

İclasda iştirak edən İqtisadi İnkişaf Nazirliyinin məsul nümayəndəsi Anar Əliyev sənəddə bəzi mübahisəli məsələlərlə bağlı deputatları maraqlandıran sualları ətraflı cavablandırdı.
Geniş müzakirələrdən sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Sonra iclasda “Reklam haqqında” qanun layihəsi müzakirəyə təqdim edildi. İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov layihə barədə məlumatında bildirdi ki, sənəd 4 fəsil, 38 maddədən ibarətdir. Burada reklama dair ümumi və xüsusi tələblər, məhdudiyyətlər müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bir sıra reklam subyektlərinin məsuliyyəti gücləndirilmişdir. Layihədə elektron vasitələrlə reklama dair yeni qaydalar müəyyən olunmuş, reklamın yalnız abunəçi ilə bağlanılan müqavilə əsasında yayımlanması təklif edilib. Həmçinin, televiziya verilişlərində yerləşdirilən reklamın vaxt məhdudiyyətləri dəqiqləşdirilmiş, bir sıra verilişlərdə reklamın yayımlanmasının xüsusi qaydaları müəyyənləşdirilib.

Qanun layihəsi ilə bağlı deputatlar və iclasda iştirak edən müvafiq qurumların nümayəndələri ətraflı fikir mübadiləsi apardılar. Qeyd edildi ki, yeni qanunun qəbulu ölkədə reklam bazarının inkişafına, istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Tədbirin sonunda qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması barədə qərar qəbul edildi.


Teqlər:  





Xəbər lenti