Komitə təkzib etdi: Bu xəbərlər yalandır

Komitə təkzib etdi: Bu xəbərlər yalandır
  07 Noyabr 2015    Oxunub:2592
"Əmlak Məsələləri Dövlət Komitəsində guya korrupsiya faktlarının aşkarlanması ilə bağlı hər hansı yoxlamaların başlanması barədə mətbuatda yer almış məlumatlar qətiyyətlə yalan və əsassız olduğunu bildirir. Qeyd olunan iddialar hər hansı dəlil və sübuta söykənmir".
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) APA-ya daxil olan məlumatda son dövrlər komitənin fəaliyyəti ilə bağlı bəzi informasiya portallarında məqsədyönlü şəkildə qərəzli şəxslər tərəfindən ötürülən yalan və böhtan xarakterli yazılar dərc edildiyi qeyd olunub.

Məlumatda vurğulanıb ki, belə məqalələrdə guya komitə tərəfindən digər quruma sahibkarlar və iş adamları barədə müxtəlif məlumatların ötürülməsi, ölkədə sahibkarlıq fəaliyyətinə maneələrin yaradılması, hər hansı qurumla birgə sahibkarlara qarşı qeyri-qanuni iş aparılması kimi əsassız, heç bir həqiqətə uyğun olmayan məlumatlar əks olunub: "Eyni zamanda, guya ümumdövlət mənafeyinə zidd fəaliyyət göstərən hər hansı qrupun maliyyələşdirilməsi, qanunvericiliyə zidd olaraq komitənin hər hansı fəaliyyət həyata keçirməsi, korrupsiya hallarına yol verilməsi və belə faktların aşkarlanması məqsədilə komitədə yoxlamalara başlanması kimi yalan xarakterli məlumatlar yer alıb".


Komitə bildirib ki, öz fəaliyyəti dövründə qanunvericiliyə zidd olaraq heç bir səviyyədə, mətbuatda əsassız iddia olunduğu kimi, hansısa məlumatların hər hansı quruma ötürülməsi həyata keçirilməyib: "Qeyd olunan məqalələrdə irəli sürüldüyü kimi, hər hansı vəzifəli şəxslərin hüquq-mühafizə orqanları tərəfindən həbs olunması prosesində qanunsuz şəkildə iştirak edilməyib. Eyni zamanda, sahibkarlar və iş adamları barədə məlumatların ötürülməsi, sahibkarlara qarşı qeyri-qanuni iş aparılması və qanunsuz əlaqələrin qurulması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların hər hansı mənafelərinin pozulması istiqamətində qətiyyən heç bir addım atılmayıb. Əksinə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq komitənin səlahiyyətləri çərçivəsində bu sahədə mülkiyyət hüquqlarının təmin olunması məqsədilə bütün hüquqi tədbirlərin icrası təmin edilməkdədir. Dövlətçilik əleyhinə işlər həyata keçirməyə cəhd edən qruplarla hər hansı müstəvidə heç bir təmas qurulmayıb və belə qrupların maliyyələşdirilməsi ilə bağlı hər hansı fəaliyyət qətiyyən həyata keçirilməyib".

Əmlak Məsələləri Dövlət Komitəsi nəzərə çatdırır ki, komitənin fəaliyyəti barədə məqsədyönlü şəkildə yayımlanan belə məqalələr yalan olaraq, şər və böhtan xarakteri daşımaqla komitənin işgüzar nüfuzuna, rəsmi statusuna xələl gətirmək, kollektivə ləkə və qara yaxmaq məqsədi daşıyır. Komitə həmişə Azərbaycan Konstitusiyasını rəhbər tutaraq və digər normativ-hüquqi aktlara uyğun olaraq qanuni fəaliyyət həyata keçirmiş və hazırda da bu fəaliyyəti davam etdirir.

Komitə eyni zamanda bildirir ki, qeyd edilən yazılar bəzi qərəzli şəxslərin məqsədyönlü şəkildə komitənin hüquqi fəaliyyətinə kölgə salmaq üçün qanunsuz fəaliyyətindən bəhrələnir: " Belə böhtan xarakterli məqalələr təxribatçılıq yaratmaq, komitənin iş fəaliyyətini pozmaq, komitə haqqında mənfi ictimai rəy yaratmaq məqsədi daşıyır. Qeyd edilməsi vacibdir ki, belə məqalələrdə iddia olunan “faktlar” araşdırılmadan dərc olunub və komitənin münasibəti öyrənilməyib. Əmlak Məsələləri Dövlət Komitəsi belə yazıların mətbuatda dərc olunmasının dayandırılmadığı təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılacağını nəzərə çatdırır".

AzVision.az


Teqlər:





Xəbər lenti