Prezident spiker və baş nazirlə görüşdü - FOTOLAR

Prezident spiker və baş nazirlə görüşdü - FOTOLAR
  07 Noyabr 2015    Oxunub:3244
Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü olub.

David Usupaşvili Azərbaycan Prezidentini parlamentin binası önündə qarşıladı. Gürcüstan parlamentinin deputatları Prezident İlham Əliyevə təqdim olundu. Dövlətimizin başçısı və Gürcüstan parlamentinin sədri xatirə şəkli çəkdirdilər.

Görüşdə David Usupaşvili Gürcüstana rəsmi səfəri çərçivəsində parlamentə gəldiyinə görə deputatlar adından Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirdi. David Usupaşvili Prezident İlham Əliyevin təkcə regionun deyil, dünyanın nüfuzlu şəxsiyyətlərindən biri kimi Gürcüstana rəsmi səfərindən şərəf duyduqlarını vurğuladı.

Gürcüstan parlamentinin sədri ölkələrimiz arasında dostluq əlaqələrinin çox intensiv və güclü olmasına baxmayaraq, bu münasibətləri daha da möhkəmləndirmək baxımından Azərbaycan dövlətinin başçısının bu səfərinin mühüm önəm daşıdığını söylədi. David Usupaşvili Prezident İlham Əliyevi rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbəsi münasibətilə Gürcüstan parlamenti adından təbrik etdi və yeni tərkibdə Azərbaycan parlamenti ilə münasibətləri davam etdirəcəklərini bildirdi.

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədri ilə Bakıda keçirdiyi görüşləri xatırladı. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olmasını prezidentlər tərəfindən imzalanan Birgə Bəyannamənin bir daha təsdiq etdiyini vurğuladı. Bizim əlaqələrimizin təməlində xalqlarımızın bir-birinə olan hörməti, rəğbəti dayanır, - deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, sosial və humanitar sahələrdə Gürcüstan ilə Azərbaycanın hazırki əməkdaşlığının bir çox ölkələr üçün nümunə ola biləcəyini söylədi, dostluq münasibətlərinin dərinləşməsində parlamentlərarası əlaqələrin önəmindən danışdı.

Sonra dövlətimizin başçısı Gürcüstan parlamentinin xatirə kitabına ürək sözlərini yazdı.

Daha sonra Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi bildirildi. Energetika, infrastruktur, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Gürcüstanın Baş naziri ölkəmizdə parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin geniş tərkibdə görüşü keçirilib.

Görüşdə energetika, elektroenergetika, nəqliyyat, dəmir yolu, infrastruktur, humanitar, qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edildi.

Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə də bağlı fikir mübadiləsi aparıldı.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti